Gələn ildən Bakıda sərnişin avtobuslarının hamısında kondisioner sistemi işləyəcək. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq bu proses bəzi avtobuslarda tətbiq edilir.


"Artıq 88, 61, 65 və 116 saylı sərnişin avtobuslarında soyutma sə qızdırıcı sistemindən istifadə edilir. Həmin marşrut xətləri üzrə xidmət göstərən yeni avtobus xətlərində həmçinin havalandırma sistemi də işləyir. Bundan sonra paytaxtın digər avtobus xətlərində də işləyən avtobuslarda kondisioner sistemi tətbiq ediləcək”, - deyə Namqi Həsənov bildirib.


Nazirlik rəsmisinin sözlərinə görə, bunun üçün artıq sahibkarlarla danışıqlara başlanılıb. Xidmət göstərən avtobusların yenilənməsi istiqamətində sahibkarlara bəzi tapşırıq və məsləhətlər də verilib.


"Bu ilin sonuna qədər bütün şəhərdaxili bütün avtobuslarda kondisionerli avtobuslar işləyəcək. Gələn ilə qədər isə qəsəbədaxili avtobuslar yenilənəcək”, - deyə N.Həsənov vurğulayıb.


Ziya Səccad
BAKU.WS