SİZİN REKLAM BURADA!
055 213 76 73



Horadiz, Beyləqan və Tərtər şəhərlərində Müdafiə Nazirliyi və yerli icra hakimiyyətilərinin təşkilatçılığı ilə kütləvi hərbi vətənpərvərlik tədbirləri keçirilib.
 
 
BAKU.WS-in məlumatına görə, Horadizdə keçirilən hərbi vətənpərvərlik tədbiri nikbin duyğular yaradıb. Horadiz şəhərindəki Bayraq meydanında Müdafiə Nazirliyinin və Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Səninlə fəxr edirik, Azərbaycan əsgəri" adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.

Tədbirdə hərbi qulluqçular, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavabdan, düşmənə ağır zərbə vurmasından, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin azad edilməsindən, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışıb.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, cəbhədə baş verən son döyüşlərdə ordumuz öz gücünü, qüdrətini bir daha göstərdi. Azərbaycan əsgəri qələbə çalmaq əzmini nümayiş etdirdi.

Çıxışlarda qeyd edilib ki, Azərbaycan müharibə istəmir. Lakin Azərbaycan xalqı öz torpaqlarını da heç zaman güzəştə getməyəcək. Bu gün işğal altındakı torpaqlarımızı azad etməyə qadir güclü ordumuz var. Azərbaycan ordusu düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır, Vətənin keşiyində əzmlə dayanır.

Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Xalq Artisti Samir Cəfərovun ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaradıb.

Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə yüksək fəxri ada layiq görülən, orden və medallarla təltif olunan hərbçilər tədbirə toplaşan rayon sakinləri tərəfindən hərarətlə qarşılanıb. Hərbçilərə alqış sədaları altında fəxri fərman və nişanlar təqdim edilib.

Hərbi vətənpərvərlik tədbiri iştirakçılarda nikbin duyğular yaradıb, qələbəyə inam hissini daha da artırıb.
 
 
Beyləqan şəhərində Müdafiə Nazirliyi və Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan "Sən Vətənin sipəri, xalqımın qürurusan" adlı kütləvi hərbi şöhrət bayramı ordu ilə xalqın monolit birliyinin nümayişinə çevrilib.

Tədbirdə aprel ayının əvvəllərində qoşunların təmas xəttində şücaət göstərmiş hərbi hissələrin nümayəndələri, eləcə də Beyləqan rayonundan olan hərbi qulluqçular, döyüşlərdə göstərdikləri qəhrəmanlıq və igidliyə görə yüksək fəxri ada layiq görülən hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, gənclər iştirak ediblər.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək, xalqla ordunun monolit birliyindən, aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavabdan danışıb, Silahlı Qüvvələrimizin işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hazır olduğunu bildirib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tədbirdə çıxış edərək vurğulayıb ki, beyləqanlılar həmişə Azərbaycan ordusuna dayaq olublar, Heydər Əliyev ideyalarına sadiqdirlər, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an respublikamızın ərazi bütövlüyü uğrunda savaşa atılmağa hazırdırlar.
Tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı, Beyləqan rayonunun incəsənət ustaları hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim ediblər. Xalq Artisti Samir Cəfərovun ifasında Abdulla Qurbaninin sözlərinə bəstəkar Azad Zahidin yenicə yazdığı "Lələtəpə fatehləri" mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Beyləqanlılar tədbirə birbaşa ön cəbhədən, təmas xəttindən gələn zabit və əsgərləri hərarətlə qarşılayıblar. Vətən torpaqlarının müdafiəsində fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr verilib.
 
 
Aprelin əvvəllərində cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin işğaldan azad edilməsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb.
Tərtər şəhərində Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Hər anımız Vətən deyir" adlı kütləvi hərbi şöhrət bayramı keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirib, Azərbaycanın dövlət himnini ifa ediblər.

Ön xətdə xidmət edən hərbi qulluqçuların, ictimaiyyət nümayəndələrinin, Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin, gənclərin iştirak etdikləri tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək aprelin əvvəllərində cəbhədə baş verən hadisələr zamanı Azərbaycan Ordusunun düşmənə vurduğu ağır zərbələrdən və hərbçilərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıqdan söhbətlər açıb. Əminliklə bildirib ki, xalqla ordunun monolit birliyi sayəsində belə hərbi vətənpərvərlik bayramları tezliklə işğaldan azad edilmiş ərazilərimizdə keçiriləcək.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, "Hər anımız Vətən deyir" adlı hərbi şöhrət bayramının qəhrəman Tərtərdə keçirilməsi hər bir tərtərlini ürəkdən sevindirir. Aprelin əvvəlində cəbhədə baş verənlər Azərbaycan Ordusunun qüdrətini bir daha sübut etdi.

Qeyd edilib ki, düşmənin yaşayış məntəqələrini atəşə tutmasına, təxribatlarına baxmayaraq, tərtərlilər qəhrəmanlıq nümunəsi göstərir, bir an belə öz ev-eşiyini tərk etmir, əsgərlərimizə dəstək olurlar. Rayonda tikinti-quruculuq, abadlıq işləri aparılır, yol çəkilir, infrastruktur layihələri həyata keçirilir.

Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər tərtərlilərdə nikbin duyğular yaradıb, qələbəyə inam hissini daha da artırıb.

Tədbirdə rayon ictimaiyyəti, Qarabağ müharibəsi veteranları, əlillər, şəhid ailələri, gənclər və hərbçilər Vətənin müdafiəsində öz həmrəyliklərini nümayiş etdirib, "Şəhidlər ölməz, Vətən bölünməz", "Döyüşən Tərtərdə hər anımız Vətən deyir" şüarları səsləndiriblər.
 
BAKU.WS