SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Gecə saatlarında cəbhədə vəzıyyət gərgınləşib. Ermənistan silahlı birləşmələri cəbhə yanı kəndləri atəşə tutub. ANS-in çəkiliş qrupu kəndin atəşə tutulmasını lentə ala bilib. Nisbi sakitlik isə Azərbaycan Silahlı Qüvvələrinin cavab zərbələrindən sonra bərpa olunub.

Aprel ayının əvvəlində başlayan 4 günlük hərbi əməliyyatlardan sonra cəbhədə ağır artilleriya silahlarının səsləri eşidilməsə də  atəş səsləri səngiməyib. Qarşı tərəf əsasən axşam saatlarında cəbhəboyu dırnaqarası aktivlik göstərir. Qarşı tərəf bu dəfə Tərtərin cəbhə xəttinə yaxın yerləşən Qapanlı kəndini gülləbaran edir.

Kənd sakinlərinin sözlərinə görə, hərbi əməliyyatlar dayandıqdan sonra təqribən 2-3 gün cəbhədə sakitlik olub. Qapanlı sakini Elşən Məmmədov deyir ki, açıq əraziyə çıxmaq təhlükəli olduğundan mal-qaranı qapalı yerlərdə saxlamaq məcburiyyətində qalırlar. Təmas xəttinə yaxın yerləşən əkin sahələrinə isə çıxmaq ümumiyyətlə mümkün deyil. 

"Mal-qara əlimizdə qalıb. Tövlədə saxlayırıq, heç hara çıxmağa imkan yoxdur. Sahəmizə çıxa bilmirik. Şükür kənddə hələ ki, salamatçılıqdır, atəş açıblar mərmilər kəndin qıraq-bucağına dəyib", - kənd sakini Elşən Məmmədov dedi.

Gecəyə doğru atəş səsləri daha da intensivləşir. Çəkiliş qrupumuz kəndin atəşə tutulmasını lentə ala bilir. Atışma fasilələrlə təqribən 1 saat davam edir. 

Hər anı təhlükəli, güzəranlarının çətin olmasına baxmayaraq kənddə heç kim ata-baba yurdunu tərk etmək fikrində deyil.  

"Təsərrüfatımıza baxa bilmirik, taxılımız, yoncamız məhv olub gedir, imkan vermirlər ki, çıxaq təssərrüfatla məşğul olaq. Dolanışığımız zəifdir. Amma biz ruhdan düşmürük, yenə də öz ev-eşiyimizdə, öz vətənimzidə, torpağımızdayıq. Biz buranı tərk eləməyəcəyik. Burdayıq, burada da olacağıq", - kənd sakini Natiq Quliyev bildirdi.

Gecə boyu erməni silahlı birləşmələri Tərtərin Qapanlı kəndi ilə yanaşı cəbhənin Ağdam istiqamətində də Azərbaycan Ordusunun mövqelərini və  yaşayış məntəqələrini atəşə məruz qoyub. Təmas xəttində nisbi sakitlik isə Azərbaycan Silahlı Qüvvələrinin cavab zərbələrindən sonra bərpa olunub.
 
BAKU.WS