VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və Bakı Dövlət Universiteti (BDU) Tətbiqi Riyaziyyat İnstitutunun (TRİ) təşkilatçılığı ilə Bakı şəhərində COIA-2015 – "Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma-2015” mövzusunda 5-ci Beynəlxalq konfrans ("Control and Optimization with Industrial Applications (COIA-2015)” işinə başlayıb.
 
BAKU.WS-in məlumatına görə, konfransın ilk sessiyasına sədrlik edən rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov çıxışında Azərbaycanda elm və təhsilə artan diqqətdən söz açaraq, qeyd edib ki, bu sahələrin inkişafı respublika prezidenti İlham Əliyev tərəfindən yürüdülən siyasətin əsasını təşkil edir.
 
COIA-2015-in aktual mövzuya həsr olunduğunu da deyən nazir bildirib ki, artıq sayca 5-ci dəfə keçirilən bu beynəlxalq konfrans bir neçə tanınmış alim, o cümlədən Tamer Basar, Aleks Rubinov, Vladimir Larin, Kris Floudas, Janus Kaspırşık,  Stefan Boyd, Fikrət Əliyevlə yanaşı, digər professorların təşəbbüsü, Azərbaycan hökumətinin dəstəyi və təşkilatçılığı ilə ilk dəfə 2005-ci ildə Bakıda keçirilib.
 
Konfransın  təşkilatçılıqla fərqləndiyini də nəzərə çatdıran nazir onun ərsəyə gəlməsində hökumət, akademiya və biznesin yaxından iştirak etdiyini qeyd edib. Elmi nəzəriyyə və onların praktikada tətbiqindən də söz açan nazir əlavə edib ki, bu gün qərarların qəbul edilməsində, iqtisadi məsələlərin həllində çoxsaylı elmi tədqiqatların aparılmasında mürəkkəb texniki sistemlərin layihələndirilməsində və s. sahələrdə optimallaşdırma və optimal idarəetmə problemləri ön plana çəkilir.
 
Daha sonra tədbirin ev sahibi qismində iştirak edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən biri olduğunu deyib:
 
"Elmin elə sahəsi yoxdur ki, orada məsələnin optimal həllinin tapılması, verilən prosesin "ən yaxşı” şəkildə idarə olunması tələb olunmasın. Son dövrlərdə hər il ərzində Bakı Dövlət Universitetinin alimləri tərəfindən elm və təhsil sahəsində 90-a qədər proqram və qrant layihələri həyata keçirilir. Universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir. Bu gün Bakı Dövlət Universiteti dünyanın 60 ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb,  bir çox nüfuzlu assosiasiyaların üzvüdür və Beynəlxalq reytinq cədvəllərində öndə gedir”.
 
Azərbaycanın ilk təhsil ocağında nanotexnologiyalar sahəsində aparılan tədqiqatlardan da söz açan rektor qeyd edib ki, bu istiqamətin inkişafı üzrə BDU 56 dövlət arasında ilk yerə çıxıb.
 
Çıxışının sonunda rektor Abel Məhərrəmov Əli Abbasovu "Elmin dostu” adlandıraraq, konfransın təşkilində fəal iştirakına görə naziri "Universitetin dostu” diplomu ilə mükafatlandırıb. Konfransda iştirak edən xarici professorlar isə "Fəxri qonaq” diplomu ilə  təltif ediliblər.
 
Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov, ukraynalı alim Vladimir Larin çıxış edərək, "Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma-2015”-in işinə uğurlar diləyiblər. Konfransın ilk sessiyası ABŞ universitetinin professoru Tamer Basarın "Çoxagentli şəbəkə sistemləri” mövzusunda məruzəsi ilə davam edib.
 
Qeyd edək ki, avqustun 29-na qədər davam edəcək beynəlxalq elmi tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin geniş müzakirəsi nəzərdə tutulur.
 
Konfransın mövzularına "Nəzarət və optimallaşdırma”, "Qlobal optimallaşdırma”, "Forma optimallaşdırma”,  "İdentifikasiya və əksinə problemlərdə optimallaşdırma metodları”, "İntellektual və qeyri-səlis nəzarət”, "Optimal nəzarətin ədədi üsulları”, "Tətbiqi proqramlar”, "Şəbəkə və telekommunikasiya sistemləri”, "Neft sənayesi”, "İqtisadiyyat”, "Riyazi modelləşdirmə” kimi istiqamətlər daxildir. Beynəlxalq konfransda Türkiyə, İran, Ukrayna, Şimali Kipr, Nigeriya, Belarus, Rusiya, Bolqarıstan, Çin, Küveyt, Laqos, Qazaxıstan, Fransa, Əlcəzair, Malayziya, Polşa, Misir, Oman, Pakistan və digər ölkələrdən olan mütəxəssislər iştirak edirlər. Dünyanın 26 ölkəsindən 277 alimin qeydiyyatdan keçdiyi konfransın gedişində 200-ə qədər məruzə ediləcəyi gözlənilir.
 
Artıq ənənə şəklini almış bu konfransların ikisi Bakıda, üçüncüsü 2011-ci ildə Bilkənd Universitetində - Türkiyədə, dördüncüsü isə 2013-cü ildə Sofiya Texniki Universitetində - Bolqarıstanda baş tutub. Növbəti COIA konfransının 27-29 iyun 2017-ci il tarixlərində ABŞ-ın Nyu-York şəhərində St John Universitetində keçirilməsi planlaşdırılır.
 
ŞAHİN Həbibov  
BAKU.WS