SİZİN REKLAM BURADA!
055 213 76 73


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, ölkə ərazisində qarlı, küləkli hava şəraiti davam edir.

Departamentdən BAKU.WS-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında Zabrat, Maştağa, Binədə az qar yağır.

Əmələ gələn qar örtüyünün hündürlüyü Aran rayonlarında 2-17, dağətəyi rayonlarda 5-29, dağlıq ərazilərdə 15-43 santimetr olub.

Şimal-qərb küləyi arabir Maştağada 38, Pirallahıda 35, Sumqayıtda 34, Bakıda 31, Qum adasında 30, Ələtdə 28, Çilov adasında 27, Binədə 22, Zabratda 21 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə küləyin sürəti saniyədə 28 metrə, dalğanın hündürlüyü isə 6.5 metrə çatıb.

Külək Neftçala, Naftalanda 34, Tərtər, Daşkəsəndə 26, Bərdədə 25, Gəncədə 24, Salyan, Ceyrançöldə 23, Tovuzda 22, Ağstafa, Şahdağ, Mingəçevir, Nabranda 20, Şəmkir, Astarada 19, Qrız, Xaçmaz, Culfada 18, Yardımlı, Ağdam, Qazıməmməd, Şabranda 16, Yevlax, Şəkidə 15 metr/saniyəyədək güclənib.

Qarlı hava şəraiti fevralın 10-da tədricən səngiyəcək. Sabah küləyin sürəti axşama doğru 15-18, arabir 20-23 metr/saniyə olacaq. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Şəhərətrafı yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyinin sürətinin saniyədə 10-15, arabir 18-23, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 metrədək güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 17-22°, gündüz 3-8° şaxta olacaq.

BAKU.WS