SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Qaradağ rayonunda vulkan püskürüb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

"11.08.2022-ci il tarixində yerli vaxtla 09:36-da Lökbatanda palçıq vulkanı püskürüb. Palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5 dəq. 12 san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.

Vulkan Qobu, Nardaran, Qala, Qobustan, Şirvan və Qusar seysmik stansiyalarında qeydə alınıb", - deyə məlumatda qeyd olunub.

***11:29

“Lökbatan vulkanı Abşeronda olan aktiv vulkanlardan biridir. Burada dəfələrlə güclü vulkan püskürməsi hadisəsi qeydə alınıb”.

BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınan vulkan püskürməsi hadisəsi çox güclü olmasa da, dörd dəqiqə ərzində davam edib.

Baş direktor bildirib ki, vulkanın dərinliyi 3 kilometr olub:

“Yəni, palçıqla birlikdə püskürmə 3 kilometrdən başlayıb. Ümumilikdə, cəmi bir püskürmə qeydə alınıb. Amma xırda püskürtülər isə hündürlüyə qalxmasa da, davam edəcək”.

AMEA-nın Geologiya və Geofizika İnstitutundan qeyd edilib ki, bu, güclü püskürmədir:

“Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb. Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb. Məlumat üçün bildiririk ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib”.

***11:02

Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində palçıq vulkanı püskürüb.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdə palçıq kütlələrinin bir neçə metr yüksəkliyə qalxması öz əksini tapb.

Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Həmin videonu təqdim edirik:

BAKU.WS
VİDEO