VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla, 121 nəfərdə koronavirusun aşkarlanması ölkədə geniş müzakirələrə səbəb olub. 

BAKU.WS xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən yoluxma halları ilə bağlı ayrıca təqdim olunan statistika böyük həyəcanla qarşılanıb. 

Sosial şəbəkələrdə gedən müzakirələr zamanı artıq təhsilin yenidən dayandırılması ilə bağlı fikirlər səsləndirilməyə başlanılıb. Bundan əlavə nazirliyin statiktik məlumatları ayrıca təqdim etməsi və valideynlərə bəyannamələrə qol çəkdirməsi heç də birmənalı qarşılanmır. Mövzunun əhəmiyyətini nəzərə alaraq Təhsil Nazirliyinin son addımları ilə bağlı ekspertə müraciət etdik və bunların nə qədər doğru olmasını aydınlaşdırmağa çalışdıq. 

Təhsil eksperti Kamran Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, statistik məlumatların verilməsində hər hansı problem yoxdur: "Təhsil ölkədə ətrafında ən çox insanı birləşdirən sahədir. Təkcə 4447 orta məktəbdə 1,6 milyon şagird oxuyur. Onlarla 151 min şagird çalışır. Bu il birinci siniflərə isə 165 min şagird gedib. Bu rəqəmlər ona görə açıqlanır ki, pandemiya dövründə vəziyyətin nə dərəcədə təhlükəli olmasını hər kəs başa düşsün.

Təəssüflər olsun ki, bir çox insan hələ də bu qaydaları ciddiyə almır. Mövcud vəziyyət valideynlər, şagirdlər və müəllimləri daha məsuliyyətli olmağa sövq edir. Bu gün məktəblərin qarşısında valideynlər arasında sosial məsafəyə riayət edilməməsini görürük. Məktəblərdə qabablayıcı tədbirlərin keçirilmədiyini müşahidə edirik.

Azərbaycanda koronavirusa ilk yoluxma fevral ayında qeydə alınıb. İndiyə qədər azyaşlı uşaqlar arasında bu qədər yoluxma hallarına rast gəlinməyib. Amma məktəblər başlayandan sonra yoluxmalar başlayıb. Buna qədər uşaqlar küçədə, bayırda oynasalar da, belə hallar olmurdu. Bu onu göstərir ki, məktəblərdə dezinfeksiya qaydalarına riayət edilmir. Məktəblərin maddi texniki bazaları yetərli deyil ki, orada tədris bərpa edilsin".

Bu yoluxma sayı o demək deyil ki, tədris prosesi məktəblərdə yenidən dayanacaq. Sadəcə müəyyən yoluxma baş verən siniflərdə tədris müvəqqəti olaraq dayandırılacaq. Sonra yoluxan şəxslər əgər sağalarsa, təkrar bu hallar baş verməsə, yenidən həmin məktəblərdə tədris bərpa olunacaq.

Ekspertin fikrincə, valideynlərə təqdim olunan bəyannamələrin mahiyyəti odur ki, valideynlər öz məsuliyyətlərini başa düşsünlər: "Yoluxma baş verərsə, valideynlər bunun məsuliyyətinin onlarda olmasını anlasınlar. Bəyannamədə qeyd olunur ki, hər hansı yoluxma baş verərsə, buna görə məsuliyyəti özüm daşıyıram.

Burada Təhsil Nazirliyi də müəyyən qədər məsuliyyətdən yayınmağa çalışır. Çünki uşaqlar məktəbə gəlirlər. Əgər məktəbdə normal qaydalar müəyyənləşsə, infrastruktur formalaşsa, yoluxma baş verməyəcək. Yaxşı olardı ki, nazirlik öz məsluyyətini dərk etsin. Bunun üçün qabaqlayıcı addımlar atılmalıdır.

Digər tərəfdən uşaqlar məktəbə göylə yollanmırlar. Onlar ictimai nəqliyyatdan istifadə edirlər. Bu yoluxma yollarda da baş verə bilər. Bu problemi həll etmək üçün ayrıca məktəb avtobusları da təşkil oluna bilərdi. Belə olan təqdirdə şagirdlər ictimai nəqliyyatdan istifadə etməyəcəkdi.

Dövlətin öhdəliyi var ki, icbari təhsili təmin etsin. Əgər onlayn dərs keçməkdə maraqlı olsalar, ilk növbədə uşaqlar planşet, kompüter və internetlə təmin olunmalıdır. Bu gün Azərbaycanda şagirdlərin onlayn tədris üçün heç bir resursu yoxdur. Əgər şagirdlər onlayn tədris üçün müəyyən vasitələrlə təmin olunmayıbsa, tədrisin dayandırılmasından söhbət belə gedə bilməz".

Orxan Hüseyn
BAKU.WS