VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Bütün ümumi təhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş dərsliklərin paylanılması ilə bağlı başlanmış işlər başa çatdırılıb”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat katibi Bəşarət Məmmədov deyib.

O bildirib ki, dərsliklərin şagirdlərə paylanılması sentyabrın 6-da yekunlaşdırılıb: “Öncədən məlumat verildiyi kimi, müraciət edən bütün valideynlər sentyabrın ilk günlərində müvafiq dövlət ümumi təhsil məktəbindən dərslikləri əldə ediblər. Bu, tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə imkan verir və uşaqların yeni dərsliklərlə ilkin tanışlığına, ilk dərs gününə daha həvəslə hazırlaşmalarına zəmin yaradır. Hər hansı səbəbdən dərsliklərlə təminatda çətinlik yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir. Mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur”.

B. Məmmədov qeyd edib ki, 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər əvvəlki illərdə istifadə olunmuş və 2019-cu ildə yeni çap olunmuş dərsliklərdir: “Əsas tövsiyələrimizdən biri də ondan ibarətdir ki, dövlət tərəfindən təmin olunan dərsliklərə qayğı ilə yanaşılmalı, valideynlər də övladlarına bu istiqamətdə də nəzarəti unutmamalıdırlar”.

BŞTİ rəsmisi xatırladıb ki, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib: “Dərslik təminatı ilə yanaşı, yeni dərs ili üçün məktəblərin təmir-tikinti işləri, maddi-texniki təminatı prosesi də kifayət qədər geniş miqyasda aparılıb və yeni dərs ilinin ilk günündən bütün tədris ocaqlarının qapıları məktəblilərin üzünə açıqdır”.
BAKU.WS