VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Allaha and olsun, işim həll olunmazsa, direktor cəzasını almasa, Elina kimi mən də özümü məktəbdə öldürəcəm!" deyən Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin dərs hissə müdiri Gülabatun Babayevanın hüquqları hələ də bərpa olunmayıb.  

Babayeva BAKU.WS-ə ünvanladığı müraciətində əmək hüquqlarının pozulduğunu və 2 aydır məvacib almadığını bildirdi:

"Mən Babayeva Güləbatun Asif qızı Masazır 4 saylı tam orta məktəbdə artıq 4 aydır tədris işləri üzrə direktor müavini kimi işləyirəm. İşimdə yaranmış problemlə bağlı 7 dövlət qurumuna - Təhsil Nazirliyi, Prezident Aparatı, Milli Məclis, Baş Prokurorluq, Korrupsiyaya qarşı Mübarizə İdarəsi, ombudsman Elmira Süleymanovaya, Əmək Müfəttişliyinə müraciətlərimə baxılmadığından, daha doğrusu hec bir nəticə görmədiyimdən problemimi ictimailəşdirdim.

Yalnız bundan sonra Təhsil Nazirliyinin  Daxili Nəzarət şöbəsinin məsul işçiləri Aydın Rəhimovvə İlqar Məmmədov məni 15 apreldə qəbul etdilər və heç bir qanuni əsas olmadan məktəb rəhbərliyi tərəfindən mənə yaradılan problemin həll olacağını, məktəbə səlahiyyətli nümayəndə göndərilərək araşdırma aparacaqlarını bildirirlər.

Həqiqətən səhəri günü - 16 aprel tarixində Təhsil Nazirliyinin Abşeron rayonu üzrə daxili nəzarət şöbəsinin kuratoru Aydın Rəhimov məktəbə gəldi. Baxış nəticəsində şikayət ərizəsində qeyd etdiyim bütün maliyyə və sairə pozuntular öz təsdiqini tapdı. Məktəbin müəllimlərinə bu barədə izahat da yazdırıldı. Subyektiv səbəblərdən adları çəkmirəm.

Bir neçə gündən sonra Abşeron İcra Hakimiyyətinin nümayəndəsi Seymur Qasımov məktəbə gələrək məndən məsələ ilə bağlı paylaşımlarımı silməyi tələb edir. Hələ deyir ki, səni telefonla canlı çəkim, deyin ki, problemim həll olub, daha şikayətçi deyiləm. Qanunu pozmaqla yanaşı, mənə təzyiq göstərirlər. Bütün bunlar məktəb direktoru Roza Məmmədovanın yüksək vəzifəli biriləri tərəfindən himayə edilməsini göstərmirmi?

Çalışdığım 4 saylı Masazır kənd tam orta məktəbdə hər gün təzyiqlərə məruz qalıram. 2 aydır heç bir əsas olmadan məvacibim verilmir. Fevral ayının məvacibini əvvəl işlədiyim məktəb ödəyib. Mart və aprel aylarının pulu almamışam. 

Təhsil Nazirliyindən Aydın Rəhimovun məktəbə təftişə gəlişindən 15 gün keçir. Lakin hər hansı dəyişiklik, yaxud nazirlikdən bir cavab yoxdur.
Bu gedişlə olmayacağı qənaətindəyəm. Heç kimin sərt cəzalanması istəyində olmadığımdan, sadəcə haqqımı tələb etdiyimdən bu günə kimi hüquqi zəmində digər addımlar atmamışdım. Mənə daha ciddi üsullarla haqqımı tələb etməkdən başqa çıxış yolu qoymurlar". 

Təhsil nazirliyinin daxili nəzarət şöbəsinin aparıcı əməkdaşı Aydın Rəhimov BAKU.WS-ə açıqlamasında Güləbatun xanımın müraciətinə baxıldığını bildirdi:

"Müvafiq araşdırma aparılıb və təqdimat rəhbərliyə təqdim edilib. Məsələnin həlli hazırda sənət dövriyyəsi mərhələsindədir. Yaxın günlərdə onun əmək hüquqları bərpa olunacaq. 

Tərəfimizdən aparılan araşdırmada məlum oldu ki, onun Masazır rayon 4 saylı orta məktəbə təyinatı qanunazidd olub. Çünki Güləbatun xanımı o məktəbə təyin edəndə o vəzifə mövcud olmayıb. 

Masazır rayon 4 saylı orta məktəbdə rus bölməsi açıldığından məktəb rəhbərliyi Abşeron rayon Təhsil Şöbəsindən yerdəyişmə xahiş etmişdi. Güləbatun Babayeva dərs hissə müdiri vəzifəsində çalışdığı Xırdalan şəhər 8 saylı orta məktəbdən Masazır kənd 4 saylı orta məktəbə dəyişdirilməli idi. Orada o vəzifə mövcud olmadığından belə bir problem yaranıb. Həmin ştat aprel ayından açılıb. Güləbatun xanım isə fevral ayından bu vəzifəni icra edir. Həmin vakansiya olmadan onun işə götürülməsilə bağlı əmr verilib. Halbuki Güləbatun Babayevanın hazırda tutduğu rus bölməsi üzrə tədris işləri üzrə direktor müavini vəzifəsi ştatı aprel ayından açılıb. Buna baxmayaraq, onu məktəbə qaydalara zidd çəkildə işə götürülməsinə məktəbə işə götürülməsinə baxmayaraq, biz hesab edirik ki, Gülabatun xanımın əmək hüquqları pozulub.

Onun əmək hüquqlarının bərpa olunması istiqamətində müvafiq işlər görülüb. Hazırda məsələnin həlli sənəd dövriyyəsindədir. Müəyyən müddətdən sonra yəqin ki, cənab nazir müvafiq əmri imzalayacaq və Güləbatun xanımın məsələsi müsbət həllini tapacaq.

Bir daha təkrar edirəm, 4 saylı Masazır kənd orta məktəbdə rus bölməsində təhsil alan şagird sayının artması ilə əlaqədar rus bölməsinə direktor müavini ştatı aprel ayında verilib. Hazırda o vəzifə vakantdır. Mövcud qanunvericiliyə uyğun olaraq Güləbatun xanımın həmin vəzifəyə təyin olunması nəzərdə tutulub".

A.Rəhimov qanuna zidd addımlar atan məktəb direktoru Roza Məmmədovanın cəzalandırılacağını da qeyd etdi:

"Qaydaları pozan direktor və digər şəxslər inzibati qaydada cəzalandırılacaq. Məktəb direktoru padşah deyil, müəyyən bir vəzifədir. Roza Məmmədova həmin vəzifəni icra edir".  

Zülfiyyə Qurbanova
BAKU.WS