Dövlət İmtahan Mərkəzi mayın 20-də ali təhsil müəssisələrinin I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

BAKU.WS
xəbər verir ki, keçirilmiş qəbul imtahanlarında 3 abituriyent 700 bal toplayıb. Onlardan biri Fiziki, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin məzunu Rəna Əliyevadır.

BAKU.WS olaraq ilk öncə Rəna Əliyevanın təhsil aldığı lisey ilə əlaqə saxladıq. Liseyin direktor müavini Elçin Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, şagirdlər liseyə 7-ci sinifdən daxil olurlar. Rəna Əliyeva da 7-ci sinifdən ora daxil olub.


"Rəna nümunəvi şagird olub. Dərslərə davamiyyəti yaxşı idi. Olimpiadalarda iştirak edib və yüksək nəticələr göstərib. Ötən il onunla birlikdə 3 şagird İsveçrədə keçirilən beynəlxalq olimpiadada qalib olublar. Rəna texniki fənnlərlə yanaşı humanitar ixtisaslara da maraq göstərib. Həkim olmaq istəyir", - deyə Elçin Məmmədov bildirib.

Direktor müavini deyir ki, bu il liseydə 16 abituriyent 600-dən çox bal toplayıb. Onlardan 13 abituriyent 650-dən çox bal yığıb.

İmtahanda yüksək nəticə göstərən Rəna Əliyeva BAKU.WS-ə açıqlamasında bildirdi ki, 10-cu sinifdən müəllimlərinin yanında hazırlığa gedib.


"Dərslərə çox vaxt ayırırdım. Lakin özümə də vaxt ayırmağı unutmurdum. Əyləncədən kənarda qalmırdım. Sosial şəbəkələrdən lazım olduqda istifadə edirəm. Lakin fəal deyiləm. Hobbim bədii ədəbiyyat oxumaqdır", - deyə Rəna Əliyeva bildirib.

Ailədə 4 nəfərdirlər. Atası, anası və bacısı ilə birlikdə yaşayırlar. Bacısı Rusiyada qiyabi təhsil alır.

Rəna Əliyeva özündən sonra imtahana hazırlaşan abituriyentlərə məsləhət görür ki, seçim edərkən düzgün istiqamət götürsünlər.

"İnsan üçün uğurun birinci addımı düzgün seçim etməkdir. Sonra etdiyi seçimə çatmaq üçün əziyyət çəkməlisən". - deyə Rəna Əliyeva bildirib.

Qeyd edək ki, Rəna Əliyeva birinci sinifə 134 saylı məktəbdə gedib. O, 3-cü sinifdən 172 saylı məktəbdə təhsil alıb, 7-ci sinifdən isə bitirdiyi liseyə daxil olub. Anası evdar xanımdır. Atası çalışsa da, Rəna Əliyeva onun harada işlədiyini açıqlamaq istəmədi.

Ziya SƏCCAD
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ