VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Qəbul imtahanlarının qiymətləri ilə bağlı məbləğ hələ Tarif Şurası tərəfindən təsdiq edilməyib.

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə lent.az-a açıqlamasında deyib ki, müəyyən ediləcək qiymətlər bütün imtahanlar üçün eyni olmayacaq: "Bilirsiniz ki, əvvəl imtahanların keçirilməsinə, ümumiyyətlə TQDK-nın fəaliyyətinin təşkilinə dövlət büdcəsindən müəyyən bir vəsait ayrılırdı. Ancaq bu il Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs statusunda fəaliyyət göstərdiyindən DİM-in fəaliyyətinin təşkilinə dövlət büdcəsindən əlavə olaraq heç bir vəsait ayrılmayıb. Hər il imtahanların qiymətləri ilə bağlı tədqiqatlar aparılıb. Əvvəl hansı imtahana nə qədər maliyyə xərclənməsi ilə bağlı dövlətə təkliflərimizi verirdik və bu təkliflərə uyğun olaraq dövlət büdcəsindən pul ayrılırdı. İndi isə bu pul ayrılmayacaq”.

İmtahanların qiymətlərinin müəyyənləşdirilməsi üçün DİM tərəfindən son 3 ilin imtahan xərcləri statistikasının araşdırıldığını deyən X.Xanlarzadə bildirib ki, bu qiymətlərin üzərində ekspertlər işləyiblər və müəyyən məbləğ artıq var: "Son 3 ildə imtahanlara nə qədər pul xərcləndiyi təhlil edilib. İmtahanın məzmunundan, logistika xərclərindən, iştirakçıların sayından asılı olaraq imtahan xərcləri fərqli olur. Sınaq imtahanları, qabiliyyət, magistratura, rezidentura, bakalavriat, dövlət qulluğuna qəbul və digər imtahanlar fərqli qiymətə başa gəldiyindən bunların hamısının qiymətləri fərqli olacaq. Amma son 3 il statistikasını götürsək və hazırda bazarda olan mövcud iqtisadi vəziyyəti nəzərə alsaq, qiymətlər artıq dəyişilib. İndiyə qədər bakalavriat pilləsində ali təhsil müəssisəsinə qəbul imtahanlarının keçirilməsi hər bir abituriyent üzrə 25 manata başa gəlirdi. Ancaq hər bir imtahanın məzmunu fərqli olur. Məsələn, magistratura imtahanlarının keçirilməsinə daha çox vəsait sərf olunur. Çünki bu imtahanların məzmunu da fərqlidir, iştirakçılarının sayı da azdır”.

X.Xanlarzadə deyib ki, ali məktəblərə qəbul qaydaları artıq yeni təsdiqlənib və imtahan qiymətləri ilə bağlı DİM Tarif Şurasına təkliflə müraciət edəcək: "Hələlik qiymətlər təsdiq olunmayıb. Qaydalar yeni təsdiq olunduğu üçün Tarif Şurasına indi müraciət edə bilərik. Hazırda işçi qrup səviyyəsində müəyyən işlər aparılır, yaxın vaxtlarda Tarif Şurasına müraciət olunacaq və qiymətlərə baxılacaq. Əhaliyə müraciət edirəm ki, əvvəlcədən səsləndirilmiş hər hansı bir məbləğə inanmasınlar. Qiymətlər rəsmi olaraq Tarif Şurası tərəfindən elan olunacaq”.

İmtahan qiymətlərində sosial müdafiəsi zəif ( məcburi köçkün, şəhid ailəsi və.s) olan abituriyentlər üçün müəyyən güzəştlərin olub-olmayacağı məsələsinə toxunan qurum nümayəndəsi bildirib ki, bu, dövlət tərəfindən müəyyənləşdirilməlidir: " İmtahanda hər bir iştirakçı üçün müəyyən məbləğ xərclənir . Əgər hökumət həmin müəyyən sosial qrup üçün güzəştlər müəyyən edərsə, həmin güzəştlərə uyğun onların imtahan xərclərini DİM-ə ödəyərsə, DİM bu məsələyə müsbət yanaaır. Belə hal olarsa, güzəştin tətbiqini müsbət qəbul edərək icra edəcəyik”.
 
BAKU.WS