Bakıda I sinfə qəbul prosesində gecikənlər üçün qəbul prosesi sentyabrın 15-dən oktyabrın 15-nə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.

İdarədən verilən məlumata görə, hazırda I sinfə qəbul prosesi elektron qaydada davam edir. Proses sentyabrın 15-nə kimi ümumtəhsil məktəblərində aparılıb, gecikənlər üçün isə sentyabrın 15-dən oktyabrın 15-nə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.

İdarədən bildirilib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə 1 mart 2016-cı il tarixdən başlanılıb.

Bu gün Bakı şəhərində 44013 uşaq I sinfə başlayıb. 2016-2017-ci dərs ili üçün isə Bakı şəhəri üzrə I sinfə 48 minə yaxın uşağın qəbul olunacağı gözlənilir.

Bugünkü məlumata əsasən, mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçirilən uşaqların 36075 nəfəri Azərbaycan bölməsi, 7938 nəfəri rus bölməsində təhsil alacaq. I sinfə gedən şagirdlərdən 41253 nəfəri 6 yaşı tamam olanlar, 2760 nəfəri isə 6 yaşı tamam olmayanlardır. Lisey və gimnaziyaların I siniflərinə isə 2450 nəfər şagird gedəcək. Onlardan 2115 nəfəri 6 yaşı tamam olanlar, 335 nəfəri 6 yaşı tamam olmayanlardır.
 
BAKU.WS