Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 25-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
 
TQDK-dan BAKU.WS-ə bildirilib ki, imtahanda iştirak etmiş hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı, Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar. İmtahanlar Bakıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.
 
9-cu sinif üzrə məlumatlara əsasən, buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi (inşa) yerinə yetirmişlər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilib, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.
 
İmtahanda iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib. 2 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması)  imtahandan xaric edilib, 1 nəfərin isə sual kitabçası və cavab kartını imtahan binasından çıxartmağa cəhd göstərdiyi üçün imtahan nəticələri ləğv olunub. İştirakçılardan 103 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.
 
11-ci sinif üzrə məlumatlara əsasən, XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil/kimya fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetiriblər. İmtahanın ümumi müddəti 2 saat 45 dəqiqə müəyyən edilib, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.
 
İmtahanda iştirakı nəzərdə tutulan 24679 şagirddən 289 nəfəri imtahana gəlməyib. 21 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib. İştirakçılardan 154 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb. 
 
BAKU.WS