VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nı təsdiq edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qaydalara əsasən, II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılır.

Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi qiymətləndirmə vasitələrindən istifadə olunur. Qiymətləndirmə 45-60 dəqiqə müddətində təşkil olunur. Bu summativ qiymətləndirmə yarımil qiymətləndirməsi hesab olunur və həmin qiymətlər yarımil qiymətləri kimi götürülür. Bu barədə jurnalda müvafiq qeydiyyat aparılır.

Üzrsüz səbəbdən summativ qiymətləndirmədə iştirak edə bilməyən təhsilalanın həmin qiymətləndirmə üzrə balı "0" qəbul olunur. Təhsilalan summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak edə bilmədikdə onun üçün müvafiq qiymətləndirmə günündən 1 ay sonra summativ qiymətləndirmə təşkil edilir. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən qanunvericiliyin tələbləri gözlənilməklə əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şəraitin yaradılması təmin olunur. Təkrar qiymətləndirmədə iştirak etməyən şagirdin qiyməti "0" olaraq götürüləcək. Qiymətləndirmə Microsoft Teams, Whatsapp, Zoom, Skype tətbiqləri vasitəsi ilə keçirilə bilər.

Eyni zamanda xüsusi karantin rejimində summativ qiymətləndirmə zamanı suallar hər sinif və fənn üzrə 4 müxtəlif səviyyədə tərtib edilir.

Bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.

1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20 faizini (20 bal), 2-ci səviyyə üzrə 30 fazini (30 bal), 3-cü səviyyə üzrə 30 faizini (30 bal) və 4-cü səviyyə üzrə 20 faizini (20 bal) təşkil edir. Qiymətlər "2", "3", "4" və "5" olaraq müəyyənləşdirilir. 30 baladək suallar (30 da daxil olmaqla) "2", 30 baldan 60-dək (60 da daxil olmaqla) "3", 60 baldan 80-dək (80 də daxil olmaqa) "4", 80 baldan 100-dək (100 də daxil olmaqla) "5" kimi qiymətləndirilir.

BAKU.WS