Silk Way West Airlines aviaşirkəti ilk dəfə olaraq Cənub-Şərqi Asiyaya birbaşa reyslər həyata keçirməyə başlayıb.

Silk Way West Airlines aviaşirkətinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, müvafiq memorandumu Azərbaycanın yük aviadaşıyıcısı Silk Way West Airlines və Malayziyanın MAB Kargo Sdn Bhd şirkəti imzalayıblar.

Müqaviləyə əsasən, şirkətlər dünyanın müxtəlif bölgələrində bir-birinin hava gəmiləri parklarından istifadə edəcəklər. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə Kuala-Lumpur - Amsterdam marşrutu üzrə həftədə iki dəfə yerlərin ehtiyatda saxlanması haqqında müqavilə hər iki aviadaşıyıcı arasındakı strateji tərəfdaşlığı nəzərdə tutur.

Həftəlik reyslərin hər cümə axşamı və bazar günləri yerinə yetirilməsi nəzərdə tutulub.

İmzalanma mərasimində çıxış edən MAB Kargo şirkətinin icraçı direktoru Əhməd Lukman Mohd Azmi deyib: "Bizim Asiyada geniş şəbəkəmiz var və Silk Way West şirkəti bizimlə birlikdə öz üfüqlərini genişləndirə bilər. Belə ki, biz Airbus A330-200F yük hava gəmilərimiz ilə həm Asiya, həm də Avstraliya bazarlarına xidmət göstəririk. Silk Way West şirkəti isə Boeing 747-800 yük hava gəmilərindən ibarət olan gənc təyyarə donanması ilə Avropada, Şimali və Cənubi Amerikada ən azı on beş təyinat məntəqəsi təklif edərək bizə qərb istiqamətinə çıxmaq imkanı yaradacaq".

Silk Way West Airlines şirkətinin icraçı direktoru Kamran Qasımov bildirib: "Yerlərin ehtiyatda saxlanmasına dair sazişə əsaslanaraq, bu tərəfdaşlıq hər iki aviaşirkətə bir-birilərini öz qlobal şəbəkələri vasitəsilə bir-birinin texniki gücündən yararlanmaq imkan verəcək. Biz Cənub-Şərq regionunda öz şəbəkəmizi genişləndirməyə və dəyişən bazar tələbatını ödəməyə davam edəcəyik. Azərbaycan düzgün inkişaf yolundadır və dünya miqyaslı mükəmməl tranzit mərkəzinin fəaliyyəti üçün zəruri olan bütün komponentlər kompleksinə malikdir. Azərbaycanın inkişaf etmiş hava nəqliyyatı şəbəkəsi, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi istənilən istiqamətə istənilən yükün səmərəli daşınması üçün istifadə oluna bilər".

Silk Way West Airlines aviaşirkətinin 7L434 reys nömrəli ilk bortu Amsterdamdan təxminən 100 ton yüklə martın 17-də yerli vaxtla saat 16:30-da Kuala Lumpura enib. MAB Kargo əks istiqamətdə reys üçün Kuala Lumpur Beynəlxalq Hava Limanından Amsterdamın Schiphol Hava Limanına 80 tondan çox yükün daşınması sifarişi alıb.

Bununla da, Malayziyanın paytaxtı yeni cədvəl üzrə dünyanın 19 ölkəsinə reyslər yerinə yetirən Silk Way West Airlines yük aviadaşıyıcısının Asiyaya 7-ci istiqaməti olub. Qədim İpək Yolu marşrutunu təkrarlayaraq bu gün müasir avialaynerlər vasitəsilə Şərqi - Şanxay, Honq-Konq, Almatı, Bişkek, həmçinin Seulu Avropa - İstanbul, Frankfurt, Milan, London, Kiyev və dünyanın digər əsas hava limanları ilə birləşdirən uçuşlar həyata keçirilir.
 
BAKU.WS