SİZİN REKLAM BURADA!
055 213 76 73


Elektron ticarət. Bu ifadə 15 il öncəyə qədər Azərbaycan böyük əksəriyyət üçün yad bir anlayış idi. Amma son illərdə ticarətin bu növü əhali arasında sürətlə inkişaf etməyə başladı.

Bu sahə o qədər cəlbedici oldu ki, bir çoxları bu sahəyə inverstisiya yatırdı, e-ticarət şirkətləri də qurdu.

Artıq indi Azərbaycanda elektron ticarətin dövriyyəsi milyard dollarla ifadə olunur. İnsanlar evlərində oturub dünyanın istənilən nöqtəsindəki malı sifariş verə, internet üzərindən ödəniş edərək ala bilirlər. Təbii ki, bütün bunlara görə insanların hüquqları həm ölkədaxili, həm də beynəlxalq qanunlarla qorunur.

Dövlət tərəfindən electron ticarətin inkişaf etdirilməsi istiqamətində müxtəlif təşviqedici təbliğat kampaniyaları və layihələr də həyata keçirilir.

Məlumat üçün bildirək ki, dünyada elektron ticarətin həcmi 2018-ci ildəki 3,53 trilyon dollarla müqayisədə 2022-ci ildə 6,54 trilyon dollara çatacaq.

2019-cu ilin üç rübü ərzində Azərbaycanda elektron ticarətin həcmi 91% artaraq 2,2 milyard manata çatıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bununla bağlı bildirib ki, ölkəmizdə elektron ticarətin artım sürəti ildə 2 dəfəyə yaxın olsa da, pərakəndə ticarət dövriyyəsində payı 0,2 faizdir, halbuki ABŞ və Avropa ölkələrində bu göstərici 10-15 faizə çatır.

V.Qasımlı internetin hazırkı yayılma səviyyəsində Azərbaycanda pərakəndə satışlarda elektron ticarətin payı dünya trendinə əsasən təqribən 7 faizə qədər çata biləcəyini söyləyib.

Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsini aparır. Proqramda elektron ticarət rəqəmsal ekosisetmin tərkib hissəsi kimi qəbul edilir. Elektron ticarət infrastrukturunun genişləndirilməsi, elektron ticarət platformaları üçün minimal təhlükəsizlik tələblərinin müəyyən edilməsi və qeyri-rezident vergi ödəyicilərinə münasibətdə vergitutma mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur.

Bu məqamda vurğulayaq ki, iqtisadçı-ekspert Vüqar Bayramov da ümumi ticarət payında elektron ticarətin həcminin artırılmasının önəmindən yazıb. O təklif edib ki, ABŞ da daxil olmaqla əksər ölkələrdə olduğu kimi Azərbaycanda da elektron ticarəti dolayı vergidən, yəni ƏDV-dən azad olunsun:

“Post-terminalların istifadəsi ilə bağlı şərtlər və nəzarət təkmilləşdirilsin. Ən əsas məqamlardan biri, cari hesablarda olan vəsaitlər də dövlət tərəfindən sığortalansın ki, vətəndaş plastik kartında vəsait saxlamaqda tərəddüd etməsin. Elektron ticarətin inkişafı yalnız sistemli islahatlar nəticəsində mümkün ola bilər”.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov isə elektron ticarətin inkişafı üçün 3 tərəfin - vətəndaş, biznes subyektləri və dövlət strukturlarının birgə məsuliyyət daşıdığını vurğulayıb.

“Vətəndaşın əsas məsuliyyəti rəqəmsal biliklərə yiyələnmək, ödənişləri elektron qaydada həyata keçirməkdən ibarətdirsə, sahibkar istehsal və ixrac etdiyi malların onlayn satışını təşkil etməklə əhalinin bu prosesə marağını artıra bilər. Dövlət isə tənzimləmə sahəsində addımlar atmaqla bu sahədə olan ekosistemin effektivliyini artıra, eləcə də elektron ticarəti təşviq edə bilər. Bir sözlə iqtisadi subyektlər arasında nağdsız dövriyyənin artması və əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşması elektron ticarətin böyüməsi üçün əsas amillər rolunda çıxış edir”.

Qeyd edək ki, bu gün Bakıda “World E-Commerce Eurasia 2019” Bakı forumu işə başlayıb. Forumun məqsədi Azərbaycanda və regionda e-ticarət infrastrukturunun inkişafı, bu mövzuda əlaqələrin genişləndirilməsi, həmçinin bu sahəyə startupların marağının artırılması və bu sahədə fəaliyyət göstərən startaplara dəstəyin verilməsidir.

Forumda elektron ticarət və əsasən də elektron ixrac mövzusunda yerli istehsalçılara və biznes subyektlərinə dünyadakı son tətbiqlər, trendlər və praktik həllərlə bağlı şirkət rəhbərləri, peşəkar mütəxəssislər və dövlət qurumlarının nümayəndələri tərəfindən məlumat verilir.

Forum yerli sahibkarlarda e-ticarətə və e-ixracata böyük maraq və təşviq yaradacağı gözlənilir.

Fərid ƏDALƏT
BAKU.WS