VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan dövrü təmir işləri bitmək üzrədir.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, zavodda oktyabrın 4-də başlamış dövrü təmir işləri artıq mərhələli şəkildə tamamlanmaqdadır və təmirdən çıxan qurğular tədricən istismara qaytarılır.

Qeyd edək ki, SOCAR noyabrın 4-dək zavodun təmir-sazlama işlərinin tam başa çatdırılmasını hədəfləyir. NEZ-lə yanaşı SOCAR-ın Sumqayıtdakı “Azərikimya” kompleksində də dövri təmir və yenidənqurma işləri aparılır.

İ. Əhmədov qeyd edib ki, NEZ-də nisbətən qısa müddətli planlaşdırılmış profilaktik təmir və uzunmüddətli əsaslı təmirin aparılması zavodun davamlı fəaliyyətini təmin etmək üçün hər bir qurğunun texniki pasportunda qeyd olunmuş icbari göstərişdir və bütün dünyada istismar olunan neft emalı zavodlarında həyata keçirilir.

Təmir olunan qurğular arasında neftin ilkin emalı qurğusu (ELOU-AVT-6) xüsusi əhəmiyyətə malikdir. Zavoda daxil olan xam neftin bütün həcmləri məhz bu qurğuya yönləndirilir və burada il ərzində 5 milyon tona yaxın neft ilkin emal prosesindən keçir. Həmin qurğuda neft emalının aralıq məhsulları və həmçinin təyyarə mühərrikləri yanacağı və dizel kimi son istehlak məhsulları birbaşa istehsal olunur. Aralıq məhsulları daha sonra istehsalat zəncirinin növbəti həlqələrinə, o cümlədən 2 milyon ton məhsuldarlığa malik  Katalitik krekinq və 1 milyon ton məhsuldarlığa malik Katalitik riforminq qurğularında emala yönləndirilir və nəticədə Aİ-92 markalı benzin istehsal olunur.

Zavodun əsas ərazisində yerləşən ilkin emal qurğusu təmirə dayandığı müddətdə keçmiş “Azərneftyağ” zavodunun ərazisində yerləşən analoji ilkin emal qurğuları işə salınır və həmin qurğular vasitəsi ilə dizel, reaktiv mühərrik yanacağı distilatı və digər məhsulların istehsalı həyata keçirilir. Benzin və digər istehlak məhsullarının istehsalı isə yalnız təmirdən sonra katalitik krekinq və katalitik riforminq qurğuları işə salınandan sonra bərpa olunur. Beləliklə, dövri əsaslı təmir müddətində təyyarə yanacağı və dizelin idxalına ehtiyac yaranmasa da, Aİ-92 markalı benzinin idxal edilməsinə ehtiyac yaranır, İ. Əhmədov əlavə edib.

Qeyd edək ki, Azərbaycana yanacağın idxalını SOCAR və digər özəl şirkətlər həyata keçirə bilər. Cari təmir müddəti üçün 120 min tona qədər Aİ-92 markalı benzinin idxalı planlaşdırılıb. İdxal həcminin əvvəlki illərə nisbətən artması ölkədə yanacağın istehlak səviyyəsinin artımı ilə bağlıdır.

"Azərbaycanda yanacağın satış tarifləri beynəlxalq bazar qiymətləri ilə müqayisədə olduqca aşağıdır və buna görə benzinin idxalı SOCAR üçün əlavə vəsait sərf etməklə - zərərlə nəticələnir. Buna rəğmən şirkət Azərbaycanın enerji təhlükəsizliyini təmin etmək istiqamətində öz üzərinə düşən vəzifəni icra edir", - deyə İ. Əhmədov vurğulayıb.
BAKU.WS