SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyəti qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək. Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq". 

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-yə müsahibəsində deyib. 

O, deyib ki, prezidentin aydın və dərin düşünülmüş iqtisadi islahat konsepsiyası var. Bu konsepsiya dörd əsas istiqaməti əhatə edir.

Birinci istiqamət maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin bərpa olunması, eyni zamanda, bu sahədə maliyyə intizamının möhkəmləndirilməsidir. "Azərbaycan 38 milyard dollara yaxın valyuta ehtiyatlarına malikdir. Bu, ümumi daxili məhsulun həcmindən daha böyük rəqəmdir. Belə bir strateji ehtiyatlara malik olan dövlət təbii ki, heç bir maliyyə çətinliyi çəkə bilməz. Amma maliyyə resurslarından düzgün, səmərəli istifadə və maliyyə resurslarını sonradan əlavə dəyərə çevrilməklə ümumi daxili məhsulun həcminin artırılmasında iştirak prinsiplərinin tənzimlənməsi prezidentin müəyyən etdiyi ən prioritet istiqamətdir. Maliyyə Bazarlarına Nəzarət Palatası da bu məqsədlə yaradılıb. Palatanın bütün təşkilati məsələləri fevral ayında həll olunacaq, normativ hüquqi aktlar hazırlanıb qəbul ediləcək". N.Əmirov deyib ki, bu, digər üç istiqamət üzrə islahatların həyata keçirilməsini dəstəkləyən və eyni zamanda, təmin edən amil kimi çıxış edəcək.

İkinci əsas istiqamət ixracın stimullaşdırılmasıdır. İxracın təşviqi ilə əlaqədar İqtisadiyyat Nazirliyinin nəzdində AZPROMO fəaliyyət göstərir. "Azərbaycan iqtisadiyyatı bu çağırışlara cavab verməlidir. Bunun üçün prezident ixracı təşviq edəcək, stimullaşdıracaq bir qurumun yaradılması və onun konsepsiyasının hazırlanması barədə tapşırıq verib. Əslində bunun əsas konturları hazırdır. Beynəlxalq ekspertlər cəlb edilməklə bunun yekunlaşdırılması işləri görülür. Bu qurum həmin konsepsiyanın tələblərinə uyğun olaraq, ilk növbədə, qonşu ölkələrin iqtisadiyyatının tərkibini, strukturunu araşdıracaq, həmçinin Azərbaycanın qonşu ölkələrin bazarlarına hansı məhsulları ixrac edə biləcəyini müəyyənləşdirəcək. Məhz bundan sonra biz daxildə həmin istehsalı təşviq edəcək siyasəti həyata keçirəcəyik. Bütün bunlardan məqsəd ölkəmizi inkişaf etdirmək, "Made in Azerbaijan” brendinin tanıdılmasına nail olmaqdır. Bunun üçün investorların cəlb edilməsi nəzərdə tutulur. İnvestorların cəlb edilməsi üçün prezident yeni özəlləşdirmə proqramının hazırlanması barədə aidiyyəti qurumlara tapşırıq verib. Hazırda beynəlxalq ekspertləri cəlb etməklə həmin özəlləşmə proqramının hazırlanması üzərində iş gedir".
 
BAKU.WS