SİZİN REKLAM BURADA!
055 213 76 73


"Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şahin Mustafayevi baş nazirin müavini kimi qəbul edərkən deyib. 

Prezident deyib ki, Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır.

"Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yəni, göstəricilər reallığı əks etdirəcək. Eyni zamanda, biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur. İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq. Ona görə iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin etmək, məşğulluğu artırmaq lazımdır", - deyə dövlət başçısı qeyd edib. 

Prezident İlham Əliyev vurğulayıb ki, hər il on minlərlə yeni iş yeri yaradılır: "Məhz buna görə işsizlik Azərbaycanda aşağı səviyyədədir. Ancaq buna baxmayaraq, işsizlik arta bilər. Nəyə görə? Əhali artır və əgər iqtisadi inkişaf artan əhalinin templəri ilə uzlaşmasa, əlbəttə ki, gələcəkdə bizi bir çox problemlər gözləyə bilər. Biz isə öz siyasətimizi strateji hədəflər əsasında qururuq. Bizim siyasətimiz uzunmüddətlidir və siyasətimizin əsas qayəsi odur ki, dayanıqlı inkişaf təmin edilsin". 

Dövlət başçısı qeyd edib ki, bu gün ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır: "Qeyri-neft sektorumuz da artır, 9 ayda 3,5 faiz artıb, kənd təsərrüfatı 7 faizdən çox artıb, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Ancaq biz bilirik ki, ehtiyatlar kifayət qədər böyükdür. Özəl sektorun iqtisadi sahədə payı yüksək olsa da, bilirik, bizdə qeyri-neft ixracı hələ ki, çox aşağı səviyyədədir. Mütləq rəqəmlər artır, amma faiz nisbəti artmır. Bunun, əlbəttə, səbəbi ondan ibarətdir ki, son illər aparılan uğurlu enerji siyasəti nəticəsində biz daha böyük həcmdə təbii qazı hasil edirik və beləliklə, enerji resurslarının ümumi daxili məhsuldakı payı artır və artacaq, yeni kontraktlar üzrə kəşfiyyat və qazma işləri aparılır. Buna uyğun olaraq qeyri-neft sektoru da, qeyri-neft ixracı da artmalıdır. Hələ ki, ixracımızın əsas hissəsi neft-qaz və neft məhsulları hesabına təmin edilir". 
BAKU.WS