SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dördsilindrli mühərriklərə malik yeni ortamotorlu rodsterlər: Porsche 718 Boxster
İlk Boxster-in debütündən 20 il keçdikdən sonra Porsche şirkəti öz yeni ortamotorlu rodsterini təqdim edir: modelin yeni nəsli 718 Boxster və 718 Boxster S adlanır. Üstü açıq ikiyerli avtomobillər öz sələflərindən həm güclü, həm də qənaətcildirlər. Yeni idmansayağı avtomobilləri təqdim edərkən, Porsche, əfsanəvi Tarqa Florio və Le-Man da daxil olmaqla 50-ci və 60-cı illərdə bir çox yarışların qalibi olmuş ortamotorlu idman avtomobili 718-in dördsilindrli oppozit mühərriklərinin ənənələrinə arxalanır.
 
Yeni model sırası üçün əsas rolu yeni dördsilindrli oppozit turbomühərrik oynayır: 718 Boxster-də iki litr iş həcmdən 220 kVt (300 a.g.) əldə olunur, 718 Boxster S modelində isə 2,5 litr iş həcmi 257 kVt (350 a.g.) hasil edir. S modelində Porsche həmçinin dəyişkən konfiqurasiyaya malik turbindən (VTG) istifadə edir. Bununla da Porsche şirkəti VTG texnologiyasını benzin mühərrikli seriya modellərində (911 Turbo və 718 Turbo S) istifadə edən yeganə istehsalçı olaraq qalır. Yeni turbomühərriklərin həm gücünün 26 kVt (35 a.g.) artması, həm də ki, qənaətcilliyi eyni dərəcədə heyrətləndirir: yeni 718 Boxster modelləri 13 faizədək daha az yanacaq sərf edir.
 
İdarəetmə zamanı emosional və idmansayağı təəssüratları tamamilə yenidən sazlanmış hərəkət hissəsi və gücləndirilmiş əyləclər təmin edir. Yeni model sırasının dizaynı da ciddi dəyişikliklərə məruz qalıb: baqaj bölməsinin qapağı, ön şüşə və yumşaq dam örtüyündən savayı avtomobil tam yenidən işlənib. Salon da dəyişikliklərsiz ötüşməyib: kokpit yeni tərzdə tərtib olunmuş ön paneli ilə seçilir. Bundan savayı, baza təchizata müasir sensor displeyə malik Porsche Communication Management (PCM) kommunikasiya mərkəzi daxildir. Naviqasiya modulu opsiya kimi təklif olunur.
 
Dörd silindrdən əldə olunan səmərəli turbogüc
718 Boxster-in yeni nəslini bazara buraxmaqla, Porsche şirkəti 60-cı illərin sonundan sonra ilk dəfə olaraq dördsilindrli oppozit mühərriklərə malik idman avtomobillərinə arxalanır. Turboüfürmə fırlanma anının kəskin surətdə artımını təmin edir. 718 Boxster modelinin ikilitrlik mühərriki 1950-dən 4500 dövr/dəq. diapazonunda sabit qalan 380 Nyuton-metr (+100 Nm) hasil edir. 718 Boxster S modelinin 2,5-litrlik mühərriki isə 1900 və 4500 dövr/dəq. diapazonunda 420 Nyuton-metr (+60 Nm) hasil emək iqtidarındadır.
 
Bunun sayəsində 718 Boxster-in yeni modelləri daha tez sürət yığmaq bacarığına malikdir: PDK və Sport Chrono paketi ilə təchiz olunmuş 718 Boxster yerindən saatda 100 km sürətə 4,7 saniyəyə (0,8 saniyə daha tez) çatır. Eyni təchizata malik 718 Boxster S "yüzə” 4,2 saniyəyə (0,6 saniyə daha tez) çatır. 718 Boxster-in maksimal sürəti 275 km/s, 718 Boxster S-in isə 285 km/s təşkil edir.
 
Turboüfürmə dinamik göstəriciləri yaxşılaşdırır və yanacaq sərfiyyatını aşağı salır: 718 Boxster-in dördsilindrli mühərriki PDK ilə birgə 100 kilometrə cəmi 6,9 litr (1 litr daha az) yanacaq sərf edir. 718 Boxster S modelinin PDK ilə birgə çalışan 2,5-litrlik oppozit aqreqatı isə 100 km yola 7,3 litr yanacaq tələb edir (0,9 litr daha az).
 
Baza təchizatında 718 modelləri altıpilləli mexaniki sürət qutusu ilə təchiz olunur. Opsiya kimi iki ilişməyə malik Porsche Doppelkupplung (PDK) sürət qutusu təklif olunur. Bu sürət qutusu yanacağın daha da az sərfiyyatına yol açır: indi buna həm də virtual pillələr xidmət edir.
 
Yeni dizayn avtomobilin dinamik xassələrini vurğulayır
718 ailəsini ilk baxışdan tanımaq olur: ön bamper daha iti cizgilərə malikdir. Yeni rodsterin kuzovunun ön hissəsi daha enli və güclü görünür. Ön bamperdəki kəskin şəkildə böyümüş havaqəbuledicilər yeni turbomühərriklərə açıq-aydın vizual işarədir. LED tipli gündüz işıqlarına malik yeni dizaynlı biksenon faralar 718 Boxster-in ön hissəsinin görünüşünü uğurlu tamamlayır. Opsiya qismində dördnöqtəli gündüz işıqlarına malik LED tipli faralar təklif olunur.
 
Qanad və kandarların yeni tərtibatı yeni model sırasını yandan baxdıqda da birmənalı olaraq tanımağa imkan verir. İki köndələn tirə malik yan havaqəbuledicilərin böyüdülmüş üzlükləri avtomobilin dinamik görünüşünü vurğulayır. Qapı dəstələri hər hansı əlavə üzlüyə malik deyil. 718 Boxster S-dəki yeni 19-düymlük təkər diskləri baza təchizatına daxildir. Opsiya kimi həm də diametri 20 düym olan disklər mövcuddur.
 
718 Boxster-in kuzovunun arxa hissəsi yeni tərtibat və xüsusən də arxa fənərlərin arasında yerləşmiş Porsche yazısı sayəsində daha enli görünür. Tam yeni arxa fənərlər LED tipli "içalatının” həcmli görünüşü və dördnöqtəli stop-siqnalları ilə seçilir.
 
Daha mükəmməl dinamikanı təmin edən daha idmansayağı hərəkət hissəsi
Dinamik xassələrinə görə yeni rodsterlər öz sələfinin yolu ilə gedirlər: yenidən tənzimlənən hərəkət hissəsi döngələrin daha dinamik fəth etməsinə imkan yaradır. Sükanın elektromexaniki gücləndiricisi 10 faiz azaldılmış ötürmə əmsalına malikdir. Bu, sükanı daha "iti”, 718 Boxster-i isə daha çevik və rahat idarə olunan edir – həm yarış trekində, həm də ki adi yollarda.
 
Minus 10 və minus 20:  Porsche Active Suspension Management
Əlavə ödəniş etməklə rodsterlər üçün Porsche Active Suspension Management (PASM) amortizatorların sərtliyini tənzimləyən sistemi sifariş etmək olar. Bu halda, kuzov yer səthinə 10 mm daha yaxın olacaq. 718 Boxster S üçün bundan savayı opsiya qismində ilk dəfə olaraq klirensi 20 mm azaldan PASM idmansayağı asqı təklif olunur. Yenidən tənzimlənən aktiv asqı da uzaq səfərlər üçün tələb olunan komfortla daha mükəmməl dinamika üçün tələb olunan idmansayağı sərtlik arasında olan diapazonu artırmağa imkan verir.
 
Dinamik hərəkət üçün genişləndirilmiş Sport Chrono paketi
911-də olduğu kimi, opsional Sport Chrono paketi Normal, Sport və Sport Plus seçimlərindən savayı həm də Individual seçiminə malikdir. PDK ilə təchiz olunmuş avtomobillərdə buna əlavə olaraq həm də hərəkət rejimləri dəyişdiricisinin mərkəzində yerləşən Sport Response düyməsi mövcuddur. Avtomobil idmanından götürülmüş bu düymə sürücüyə mühərriki və PDK sürət qutusunu daha həssas etmək imkanı bəxş edir.
 
Baza təchizatında Porsche Communication Management yeni kommunikasiya mərkəzinə malik interyer
718 Boxster-in interyeri Porsche üçün ənənəvi olan stildə tərtib olunmaqla yanaşı, bəzi yeni elementlərlə zənginləşdirilib. İnteryerin mərkəzi hissəsini Porsche Communication Management (PCM) yeni seriyalı kommunikasiya mərkəzi tutur. Bu mərkəzə həm də mobil telefon üçün hazırlıq, audiointerfeyslər və gücü 110 vatt olan Sound Plus akustik paket daxildir. Opsional modullar vasitəsilə PCM kommunikasiya mərkəzini genişləndirərək öz fərdi tələblərinizə uyğun qura bilərsiniz. Belə ki, təyinat məntəqələrinin rahat daxil edilməsi üçün səslə idarə olunan naviqasiya modulu təklif olunur. Öz növbəsində naviqasiya modulunu şəbəkə əlaqələndirilməsi üzrə geniş funksiyalara malik Connect Plus modulu ilə daha da təkmilləşdirmək mümkündür.

BAKU.WS