SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni tədris mövsümündə Bakı metropolitenində kondisionerlə təchiz edilmiş qatarların sayı 11, vaqonların sayı isə 55 olacaq.

BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi ilə də “BMC Otomativ Sanaye ve Ticaret A.S.” şirkəti tərəfindən istehsal edilən 300 avtobus yaxın aylarda Bakı yollarında istismara veriləcək. 

Bu onu deməyə əsas verir ki, həm “Bakı Metropoliteni” QSC vaqon parkını, həm də Bakı Nəqliyyat Agentliyi avtomobil parkını yeniləyir. Mövcud durum ölkədə nəqliyyat sektorunda yeni qiymət artımını gündəmə gətirib. Mövzunu dəqiqləşdirmək üçün həm rəsmi qurumlar, həm də ekspertə müraciət etdik. 

Rəsmi qurumlar ictimai nəqliyyatın yeilənməsi fonunda Tarif Şurasına hər hansı müraciətin edilmədiyini vurğuladılar. Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov isə BAKU.WS-ə bildirdi ki, ictimai nəqliyyatın yenilənməsi birbaşa göstərilən xidmətin keyfiyyətinin artırılmasına xidmət edir: “Əvvəla onu deyim ki, qiymət artımı Tarif Şurasının səlahiyyətinə aid olan məsələdir. Aidiyyatı strukturlar istər “Bakı Metropoliteni” QSC, istərsə də Bakı Nəqliyyat Agentliyi (BNA) bununla bağlı Tarif Şurasına müraciət edə bilər. Yalnız bundan sonra Tarif Şurası qiymət artımını nəzərdən keçirir və bunun məqsədə müvafiq olması barədə qərar verir. Bu səbəbdən nəqliyyat sektorundakı qurumlarla Tarif Şurası arasındakı müraciət mövzusunda heç kim məlumatlı olmur. 

Ümumilikdə ictimai nəqliyyatda həm metro, həm də avtobus parkında yenilənmə ilk növbədə bu sahədə göstərilən xidmətin keyfiyyətinin artırılmasına xidmət edir. Bu, bilavasitə xidmət keyfiyyətinin artırılması ilə əlaqədardır. Bu xidmətlərdən istifadə edən vətəndaşlar ictimai nəqliyyatdan məmnun qalsınlar. Vətəndaşlar istismara yararlı və komfortlu nəqliyyat vasitələrindən istifadə etsinlər”. 

Ekspert daha sonra qeyd etdi ki, nəqliyyat sektorunda qiymət artımının qarşısını dövlətin ayırdığı datasiyalar alır: “Təbii ki, hər bir qurum sərmayə yatırması ilə əlaqədar qiymət artımı ilə bağlı təklif edə bilər. Amma ictimai nəqliyyat sektoru tam da olmasa, qismən dövlətdən datasiya hesabına idarə olunur. Bu gün dövlət bu sahədə öz iştirakını həmin datasiyaları ayırmaqla birbaşa təmin edir. Dövlət bu datasiyaları ona görə ayırır ki, qiymət üzərində müəyyən tənzimlənmə yaranasın. Bu gün datasiya olmazsa, təbii ki, daşıyıcı şirkətlər qiymət artımını gündəmə gətirə bilər. Metropoliten rəsmiləri də zaman-zaman bəyan edib ki, gediş haqqları onların göstərdiyi xidmət müqabilində adekvat deyil. Təbii ki, burda dövlətin dəstəyi var. Bu da qiymətlərin tənzimlənməsi üçündür. 

İstənilən halda həm metro, həm də avtobus parkının yenilənməsi olduqca vacib məsələdir. Bunu 2018-ci ildə xüsusi müşavirədə ölkə başçısı İlham Əliyev də qeyd etmişdi ki, yararlı avtobuslar insanlara xidmət göstərməlidir. Eyni zamanda keyfiyyət xidməti həmin avtobusların texniki göstəricilərinin yüksək olması ilə şərtlənməlidir. Ölkə başçısı istismara yararlı avtobuslar dedikdə onu nəzərdə tutub ki, son zamanlar avtobusların iştirakı ilə baş tutan qəzalar onların bilavasitə texniki göstəriciləri və nasazlığı ilə bağlıdır. Bu gün ictimai nəqliyyatın yenilənməsi həmin göstərişdən irəli gələn haldır”. 

Azər Allahverənov sonda vurğuladı ki, hazırda Bakı yollarında sərnişinlər üçün 2100-2200 avtobus xidmət göstərir. Bu rəqəm isə kifayət etmir. Ona görə də avtobus parkının yenilənməsi olduqca vacibdir. Bu, müasir və komfortlu avtobuslar olarsa, göstərilən xidmət keyfiyyətinin artırılmasının bariz nümunəsidir. 

“Ancaq bunu qiymət artımına səbəb olacaq hal kimi qiymətləndirmək istəmirəm. Bu barədə hətta düşünmək belə istəmirəm”,-deyə o, əlavə etdi.

Orxan Hüseyn
BAKU.WS