VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda şərabın alkoqollu içki deyil, qida məhsulu hesab edilməsi, onun reklamının genişləndirilməsi təklif edilib.

BAKU.WS
trend-ə verir ki, bu təkliflə "AzQranata" zavodunun direktoru Vüqar Mikayılov Şamaxıda I Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan “Azərbaycanda şərab sənayesinin inkişaf perspektivləri və ixrac potensialının inkişafı” adlı dəyirmi masada çıxış edib.

Onun sözlərinə görə, bu gün dövlət qayğısı nəticəsində şərabın ixrac potensialı 30 faiz yüksəlib:

“Şərab məhsullarının ixracının artırıla bilməməsi üçün qınaq obyektinə çevrilirik. Amma yaşı 10-dan az olan üzüm bağlarındakı üzümlərin tərkibindəki mikro və makro elementlər tam mənimsənilmədiyi üçün ondan hazırlanan şərab yalnız süfrə şərabı kimi satıla bilər. Mən deyərdim ki, Azərbaycanda süfrə şərabının keyfiyyəti ən pik həddə çatıb. Süfrə şərabı kimi ən keyfiyyətli şərab Azərbaycandadır. Ancaq süfrə şərabının qiyməti 1 dollar 40 sentdən 2 dollara qədərdir. Çox əfsuslar olsun ki, üzüm bağları indiyədək coğrafi göstəricilərinə görə zonalara bölünməyib. Nə qədər ki, bu bölgü olmayıb, biz öz şərablarımızı ucuz satacağıq. Bizim şərablarımızın baha satılması heç də çətin deyil. Bunun üçün dövlət tərəfindən zonaların adları ilə bağlı qərar qəbul edilməlidir. Sonra isə həmin zonadakı şərab zavodlarının mütəxəssisləri bir-birlərinin bağlarını, üzümlərini yoxlamağa gedə bilərlər. Daha sonra isə şərab həmin torpağın coğrafi mənşə adı ilə buraxıla bilər”.

Çaxırların da qiymətinin ucuz olması qənaətində olan V.Mikayılov Gürcüstanda olduğu kimi, Azərbaycanda da şərabçılıqla məşğul olan kiçik sahibkarların sayının artmasını vacib sayıb.

Onun sözlərinə görə, Gürcüstanda şərabçılıqla məşğul olan kiçik təsərrüfatların sayı 10 mindən çoxdur. Azərbaycanda isə cəmi 15 zavod var:

“Əgər həqiqətən də üzümçülüyü inkişaf etdirmək istəyiriksə, üzümdən hazırlanan məhsulu alkoqollu məhsul kimi deyil, qida məhsulu kimi ortaya qoymalıyıq. Niyə görə Azərbaycanda şərab alkoqollu içki sayılır, qida məhsulu sayılmır? Niyə saat 11-ə qədər şərabları reklam etmək olmaz?”.

V.Mikayılov təklif edir ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da meşələrdən yığılan meyvələrdən tünd içkilər hazırlamaq olar.

Direktorun fikrincə, bunun hesabına ölkəmizdə 10 minlərlə yeni iş yeri yaradıla bilər. Şampan şərabları üçün aksizin qaldırılmasını da səhv qərar sayan sahibkar qeyd edib ki, şampan ürək xəstələri olan insanlar üçün ən güclü müalicəvi içkidir.

V.Mikayılov bunu da təklif edib ki, şərab məhsullarının reklamı genişləndirilməli, kiçik təsərrüfatlar yaradılmalıdır.
BAKU.WS