SİZİN REKLAM BURADA!
055 213 76 73


Baş nazir Novruz Məmmədov Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzininin gömrük rüsumundan azad edilməsi haqqında sənəd imzalayıb.

Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Bu Qərar 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunacaq və 90 gün müddətində qüvvədə qalacaq.

Qərarı BAKU.WS-ə şərh edən Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban bildirib ki, Nazirlər Kabineti hər il analoji addımı atır. Bu isə iki səbəblə əlaqədardır:

“Birincisi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun təmirə dayanmasıdır. Bu, cari təmirdir. Bütün dünyadakı emal müəssisələri də ildə bir dəfə təmirə dayanır. Daha əvvəllər bu zavodun rezervləri imkan verirdi ki, ölkədə yanacağa olan tələbat tam ödənilsin. Ancaq 2015-ci ildən etibarən ölkəyə ildə 100 mindən çox avtomobil idxal olunması, yanacağa olan tələbi də yüksəltdi. Bunun da nəticəsində artıq Neft Emalı Zavodunun cari təmir müddətində yanacaq ehtiyatları ölkənin yanacağa olan tələbatını ödəmək qabiliyyətində olmadı. Tələbi qarşılamaq üçün idxala da ehtiyac yarandı”.


İlham Şaban qeyd edib ki, bu, qısamüddətli xarakter daşıdığından idxal benzinin qiyməti qalxmasın deyə Nazirlər Kabinet idxal benzinini gömrük rüsumundan azad edir. Ekspert xatırladıb ki, SOCAR-ın mayda açıqladığı proqnoza görə, cari ildə 80 min ton 92 oktanlı benzin idxal ediləcək. Ötən il isə bu rəqəm 75 min ton olmuşdu.

Bakı Neft Emalı Zavodunun modernləşdirilməsinin ilk mərhələsinin 2021-ci ilin sonunda başa çatacağını bildirən İ.Şaban vurğulayıb ki, bu işlər 2023-cü ildə tam yekunlaşacaq. Bundan sonra zavod 7,5 milyon ton emal gücünə çatdırılacaq.

Fərid ƏDALƏT
BAKU.WS