SİZİN REKLAM BURADA!
055 213 76 73


Hibrid avtomobillərin alınması və istismarı daha ucuz başa gəlir ki, bu da Gürcüstanda həmin növ avtomobillərin istifadəsini daha populyar edib. 

BAKU.WS xəbər verir ki, 2016-cı ildən etibarən Gürcüstanda elektromobillərin idxalı ilə bağlı gömrük rüsumu 50% aşağı düşüb. Qonşu ölkədə hibrid və elektrik avtomobillərlə bağlı güzəştlər olsa da, Azərbaycanda belə bir hal mövcud deyil. Ölkəmizə gətirilən hibrid və digər ekoloji təmiz avtomobillərin idxal rüsumlarına gələn ilin dövlət büdcəsi zərfində baxılacaq.

Bəs, Azərbaycan tərəfi nə üçün hibrid avtomobillərlə bağlı gömrük rüsumlarında güzəştə getmir? Bu növ avtomobillərlə bağlı gömrük rüsumunun ləğvi Azərbaycana nə kimi müsbət təsir edə bilər?

Azərbaycan tərəfi bu tip avtomobillərin rüsumu ilə bağlı hansı güzəştləri etsə, məqsədəuyğun olar? Bu tip avtomobillərin sayının ölkəmizdə artmasının müsbət və mənfi cəhətləri nədən ibarət olacaq?  

Bu kimi suallara cavab tapmaq üçün iqtisadçı-ekspert Ramil Osmanlıya müraciət etdik. O, BAKU.WS-ə açıqlamasında bildirdi ki, Gürcüstanda hibrid maşınlarla bağlı güzəştlər olsa da, Azərbaycan hökumətinin bu məsələyə yanaşması fərqlidir.

"Əslində qeyd etdiyiniz kimi ortada təcrübə mövcuddur. Gürcüstan təcrübəsi var. Sadəcə hökumətlərin məsələyə yanaşması fərqlidir. Gürcüstan tərəfi məsələyə daha konseptual yanaşır. Çünki ölkə həm elektromobil, həm də digər avtomobil vasitələrinin idxal və ixrac sahəsində xeyli inkişaf edib. Hətta Azərbaycan avtomobil bazarının belə inkişafında Gürcüstanın payı böyükdür. Sadəcə Azərbaycan hökuməti hesab edir ki, ölkəyə avtomobil axının qarşısının alınması üçün gömrük rüsumları və vergilərin artırılmasına ehtiyac var. Hökumət bunu iqtisadi əsaslarla əlaqələndirir. Azərbaycan bəzi inzibati metodlarla ölkədə avtomobilləşmənin qarşısını alır”, - deyə ekspert vurğuladı. 

Ramil Osmanlı əlavə etdi ki, hibrid və elektrik avtomobillərlə bağlı güzəştlər ölkədəki ekoloji vəziyyətin yaxşılamasına səbəb olacaq. Eyni zamanda ölkədəki avtomobil parkına da öz tövhəsini verəcək:

“Azərbaycanda avtomobil parkının yenilənməsinə ehtiyac var. Ümumilikdə ölkədə avtomobil parkının 30 faizdən çoxu istismara yararsızdır. Təbii ki, Azərbaycan hökuməti hibrid və elektrik avtomobillərin ölkəyə daxil olması ilə bağlı islahatlar aparmalıdır. Hesab edirəm ki, Azərbaycan hökuməti Gürcüstanın mövcud imkanlarını tam ələ keçirə bilər. Gömrük rüsumlarını azaltmaq və ya hansısa güzəştlər etməklə regionda tranzit rolu da oynaya bilər. Azərbaycanın imkanları ona görə genişdir ki, dənizə birbaşa çıxışı var. Digər ölkələrə də bu növ avtomobillərin daşınmasını təşkil edə bilər”. 

Orxan Hüseyn 
BAKU.WS