Ağ Ev rəhbəri Donald Tramp Administrasiyasının Çinə qarşı sentyabrın 1-ə planlaşdırılan tarif artımlarını təxirə salması qlobal birjalara təsirsiz ötüşməyib.

Bu barədə iqsadçı-ekspret Vüqar Bayramov BAKU.WS-ə fikirlərini bölüşüb. 

Onun sözlərinə görə, neft daxil olmaqla strateji məhsulların qiymətlərində artımlar müşahidə edilib: "Ağ Ev ticarət müharibəsinin yumşalacağı mesajı versə də, bunun uzun müddətli olacağı gözlənilmir. Məhz bu səbəbdən də Brent markalı neftin 1 barelinin qiymətinin 60 dolları keçməsinə baxmayaraq ciddi qiymət artımları müşahidə edilmədi. Doğrudur Asiya birjalarında canlanma müşahidə olunur. Amma hələlik investorlar qlobal iqtisadi artım tempinin azalmayacağına və ABŞ-da seçkiqabağı yeni sürprizlərin olmayacağına əmin deyillər. Bu isə o deməkdir ki, yeni tariflərin tətbiqinin təxirə salınmasına baxmayaraq hələ də strateji məhsulların qiyməti təzyiq altındadır". 

Ekspert həmçinin hesab edir ki, neftin qiyməti yenidən 60 dollardan aşağı düşə bilər: "Neftin qiymətinin yaxın zamanlarda yenidən 60 dollarlıq həddin aşağısına düşəcəyi istisna deyil. Bütün hallarda birjaların Ağ Evdən gələn xəbərə reaksiyası bir daha təsdiq edir ki, ticarət müharibəsi hələ uzun müddət qlobal iqtisadiyyatın əsas mesajı olaraq qalacaq".

Orxan Hüseyn
BAKU.WS