SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik Boru Kəmərinin (TAP) inşasında işlərin 88,5%-i yekunlaşıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib. 

Məlumata görə, layihə üzrə işlər qrafikə uyğun olaraq davam etdirilir.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində Trans-Anadolu Boru Kəmərinə (TANAP) qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Məlumatda həmçinin qeyd edilir ki, bu gün TANAP artıq Avropaya təbii qazın ötürülməsi üçün tam hazır vəziyyətdədir. SOCAR Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasındakı fəaliyyəti ilə nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadir bir şirkət olduğunu sübut edib. Belə ki, ilkin investisiya dəyəri dəyəri 11,7 mlrd. dollar olan TANAP layihəsinin tikintisi zamanı 5 mlrd. dollara yaxın vəsaitə qənaət edərək, SOCAR və tərəfdaşları birlikdə layihənin ümumi xərclərini 40% azaltmağa nail olub.
BAKU.WS