VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR-ın prezidenti Rövnəq Abdullayev iyulun 11-də Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BAKU.WS xəbər verir ki, R.Abdullayev Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini qeyd edib, ölkəmizdə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələri çərçivəsində SOCAR ilə Fransa şirkətləri arasında yaranmış uzunmüddətli və səmərəli əməkdaşlığın uğurlarından söz açıb, MEDEF-in nümayəndə heyətinin bu səfərindən sonra fransız sahibkarlarla əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.

MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö deyib ki, 170 min şirkətin üzv olduğu təşkilatın nümayəndə heyətində bank, tikinti, enerji, ətraf mühit, tədbirlərin təşkili, yeni texnologiya sahələri üzrə fəaliyyət göstərən şirkətlər təmsil olunurlar. MEDEF-ə üzv olan şirkətlərin enerji sektorunda əldə etdikləri nailiyyətlərdən danışan qonaq görüşdə iştirak edən Fransa şirkətlərinin Azərbaycanla daha çox qeyri-neft sektoru üzrə-informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi sahələrdə əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

O, xarici şirkətlərin Azərbaycanda uğurla çalışmaları üçün ölkəmizdə əlverişli şərait yaradıldığını bildiklərini vurğulayıb.

SOCAR-ın prezidenti şirkətin həyata keçirdiyi infrastruktur layihələri haqqında qonaqlara ətraflı məlumat verib və müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırıb.

Daha sonra görüşdə iştirak edən fransız şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez görüşdə iştirak edib.
BAKU.WS