SOCAR-ın Türkiyə rəhbərliyi, “Petkim” və “Star” neft emalı zavodu baş direktorları arasında görüş keçirilib. 

“Haberturk” xəbər verir ki, görüşdə çıxış edən “Star Rafineri”nin baş direktoru Mesut İlter SOCAR-ın Türkiyənin ən böyük investorlarından olduğunu deyib. 

“Bu günə qədər şirkət Türkiyə iqtisadiyyatına 15 mlrd. dollar sərmayə yatırıb və bu rəqəmi 19,5 mlrd. dollara çatdırmağı planlaşdırır. Şirkət Türkiyə iqtisadiyyatına tamamilə etibar edir və sərmayə yatırmağa davam edəcək”, - o bildirib.

M.İlterin sözlərinə görə, zavod tam gücü ilə işlədikdən sonra Türkiyənin dövlət büdcəsinin mövcud kəsiri ildə 1,5 mlrd. dollar azalacaq. O əlavə edib ki, ilin sonuna kimi neft emalı zavodunda 8 mln. ton neft emal etməyi planlaşdırır.

SOCAR Türkiyənin xarici əlaqələr komissiyasının sədri Murat LeCompte yeni neft-kimya sərmayəsi ilə bağlı məlumat verib.

O qeyd edib ki, 1,8 milyard dollara başa gələcək müəssisənin 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

Bundan başqa, M.LeCompte SOCAR Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda universitetlərin istifadə edə biləcəyi Araşdırma və İnkişaf Mərkəzi inşa edəcəyini də bildirib. 
BAKU.WS