SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması, heç şübhəsiz ki, ölkəmizin inkişaf dinamikasında da özünü göstərir".
 
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev "Respublika qəzeti"ndə dərc olunan məqaləsində qeyd edib. Nazir bildirib ki, bu təsir xarici valyutalar qarşısında Azərbaycan manatının məzənnəsinin aşağı düşməsi ilə nəticələnsə də, dayanıqlı inkişaf modeli mürəkkəb qlobal situasiyada da ölkəmizin müxtəlif sahələr üzrə inkişafını, enerji dövləti kimi öz həlledici mövqeyini qoruyub saxlamasını təmin edib. 
 
"2015-ci il ərzində respublikada 40,7 milyon ton proqnoza qarşı 41,6 milyon ton neft hasil edilib, hasil olunan neftin 31 milyon tonu (867,0 min ton proqnozdan çox) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun, 2,3 milyon tonu "Şahdəniz”in (kondensat), 8,2 milyon tonu isə SOCAR-ın payına düşüb. Ötən il respublikadan 35,1 milyon ton neft ixrac edilib, ulu öndər Heydər Əliyevin müdrikliyi və böyük siyasi iradəsi sayəsində inşa edilmiş Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Azərbaycan neftinin nəqlində yenə də müstəsna rol oynayıb. Gündəlik ötürmə gücü 1,2 milyon barel olan boru kəməri vasitəsilə hazırda AÇG nefti və "Şahdəniz” kondensatından əlavə Türkmənistan və Qazaxıstan mənşəli neft də nəql olunmaqdadır".
 
Nazir həmçinin əlavə edib ki, Azərbaycanda ümumi qaz hasilatı isə 2015-ci ildə 29,1 milyard kubmetr həcmində qərarlaşıb: "Bunun 22,2 mlrd.kubmetri AÇG (12,3 mlrd.kubmetr) və "Şahdəniz” ( 9,9 mlrd.kubmetr) yataqlarının payına düşür. Beləliklə, "Şahdəniz” yatağından il üzrə nəzərdə tutulandan 14,2 milyon kubmetr artıq təbii qaz çıxarılıb. Hazırda Azərbaycanda gündəlik, təqribən, 120 min ton neft və 89 milyon kubmetr qaz hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, həmçinin xarici şirkətlərlə birgə işlənən "Şahdəniz”, "Azəri-Çıraq-Günəşli” və "Ümid” yataqlarından əldə olunur".

Natiq Əliyev gələn il üçün proqnozlaşdırılan qaz hasilatından da danışıb: "2016-cı ildə qaz hasilatında SOCAR üzrə 6,3, "Şahdəniz” üzrə 10,1, AÇG üzrə 12,9 mlrd.kubmetr civarında müəyyənləşdirilib. Qaz hasilatı ilə bağlı proqnozlardan bəhs edərkən, dərin kədər hissi ilə qeyd etmək lazımdır ki, ötən il dekabrın 4-də "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş və çoxsaylı insan itkisi ilə xalqımıza ağır faciə yaşatmış qəza hasilata da ciddi təsir göstərib. Qəza nəticəsində özüldə günlərlə davam edən yanğının hasilata mənfi təsirləri, şübhəsiz ki, gələn ilin göstəricilərində öz əksini tapacaqdır.

Şahin Həbibov
BAKU.WS