VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Çinlə ticarət müharibəsində bu vaxta qədərki ən radikal addımını ötən həftə ataraq “Huawei” telekommunikasiya şirkətini “qara siyahı”ya aldı. ABŞ Çin şirkətini 5G texnologiyasını casusluq məqsədilə istifadə etməkdə ittiham edərək sanksiya tətbiq etdi. Bu qərardan dərhal sonra isə “Huawei”yə verilən lisenziya müddəti də 90 gün - 19 avqusta qədər uzadıldı.

BAKU.WS xəbər verir ki, “Huawei” şirkətinin banisi Jen Çjenfey ABŞ-ın qərarının “Huawei” üçün əhəmiyyət kəsb etmədiyini bildirib.
Şirkət hətta “Android”dən asılılıqdan xilas olmaq üçün özünün “Hongmeng” adlı əməliyyat sistemini yaradacağını açıqlayıb. Şirkət öz müştərilərinə bildirib ki, bu əməliyyat sistemi təxminən ilin sonuna qədər istifadəyə veriləcək, bu vaxta qədər istehsal olunmuş və hazırda satışda olan bütün “Huawei” smartfonları əvvəlki qaydada çalışacaq və heç bir problem yaşanmayacaq.

Bəzi mütəxəsisslər də bildirir ki, ABŞ-ın bu qərarı Çində “Android” bazarına ciddi təsir edə bilməyəcək. Çünki “Google” şirkətinin əsas gəliri “Android”dən deyil, axtarış sistemindəndir. “Google” axtarış sisteminin Çin bazarındakı hazırkı payı da 0,30 faizdir. Bazarın lideri 71 faizlə “Baidu”dur. Çində isə 700 milyondan çox telefon istifadəçisi var ki, bu da ABŞ-ın ümumi əhali sayından bir neçə dəfə çoxdur.

Bundan başqa, Çin şirkəti ilə əməkdaşlıqda maraqlı olan inkişaf etmiş ölkələrdə də “Huawei”smartfonlarının satışının zəifləyəcəyi gözlənilmir.
Almaniya kansleri Angela Merkel də 5G texnolgiyasının tətbiqinin vacib olduğunu və bu sahədə ölkəsinin “Huawei” ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib. Onun ABŞ-ın sanksiyalarına baxmayaraq “Huawei” barəsində belə cəsarətli çıxışı böyük ehtimal alman istifadəçilərdə bu smartfonlara qarşı etibarı yüksəldəcək.

“Huawei” şirkətinə növbəti dəstək Britaniya Krallığında gəlib. Hökumət rəsmiləri milli telekommunikasiya şəbəkələrinin “Huawei”yə tətbiq edilən sanksiyalara qoşulmayacağını elan edib.

Bundan başqa, Hollandiyanın Baş naziri Mark Rutte və Fransa prezidenti Emmanuel Makron da bənzər çıxışlar edərək “Huawei”ni qarşılarına almayacaqlarını deyiblər.

Azərbaycana gəldikdə isə dövlət sektorunda “Huawei”nin xüsusi çəkisi yetərincədir. Bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib. “BakTelecomun” (BTRİB) 80 faizinin, “Aztelekom”un70 faizinin, hətta bəzi dövlət qurumlarının Data Mərkəzlərinin “Huawei” məhsulları üzərindəyerləşdiyi bildirilir. Bu, o deməkdir ki, Azərbaycan üçün “Huawei” ciddi tərəfdaşdır və şirkətin sanksiyalardan minimum dərəcədə ziyansız çıxması üçün əməkdaşlığı davam etdirəcək.

Məlumat üçün bildirək ki, 2018-ci ilin statistikasına əsasən ən çox smartfon satan şirkətlərin siyahısında “Huawei” 3-cü pilləni tutub. İlk pilləni “Samsung”, ikinci pilləni isə “Apple” tutub. Huawei şirkəti 2018-ci il üçün 200 milyon ədəd smartfon satmaq planını reallaşdırıb. 2010-cu ildə “Huawei” şirkətinin satış göstəricisi 3 milyon ədəd smartfon idi. Lakin bu 8 ildə şirkət böyük bir yol qətt edərək kiçik istehsalçıdan smartfon bazarının böyük oyunçusuna çevrilib. Dünyanın ən çox smartfon satışını reallaşdıran ilk üç şirkət arasında öz mövqeyini bərkidərək şirkət artıq 2020-ci ildə “Samsung”u geridə qoymağı planlaşdırır.

Beləliklə satılmış 200 milyon ədəd smartfon heç də şirkəti qane edən bir göstərici deyil. 2017-ci ildə şirkət 153 milyon ədəd smartfon satmışdı. Ötən il isə Çin şirkəti öz göstəricilərini yaxşılaşdıra bildi. “Huawei”nin statistikasına əsasən hazırda bu şirkətin smartfonlarından 170-dən çox ölkədə ümumilikdə 500 milyondan çox insan istifadə edir.

Fərid Ədalət
BAKU.WS