SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə gündür Çinin “Huawei” şirkəti ABŞ tərəfindən sanksiyalarla üzləşib. Sanksiya səbəbindən “Google” məhsulu olan “Android” əməliyyat sistemi, həmçinin “YouTube”, “Play Store” və “Gmail” kimi tətbiqlər “Huawei” smartfonlarında çalışmayacaq.

BAKU.WS xəbər verir ki, bu problemin Azərbaycan üçün gözlənilən real təhlükələrini Azərbaycan İnternet Forumunun prezidenti, İKT üzrə ekspert Osman Gündüz şərh edib.

O qeyd edib ki, ABŞ “Huawei”ni telefonlardakı proqram təminatlarında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır:

“Ümumiyyətlə uzun illərdir bu şirkətin Çin hökuməti ilə iş birliyində olduğu bildirilirdi. “Huawei”nin ucuz məhsul satmasının da hökumətin dəstəyilə olduğu vurğulanırdı. Şirkət də bunu təkzib edirdi. Hazırkı proseslər ABŞ hökumətinin artıq bunu isbat etdiyini göstərir.
Bu məsələ əslində 5G reallaşanda gündəmə gəldi. Yəni məlumat oğurluğu məsələsi müxtəlif zamanlarda digər qlobal şirkətlərdə (FB, Apple, Google və s.) də olub. Amma 5G gündəmə gələndən sonra məlum oldu ki, belə davam edərsə, “Huawei” öz avadanlıq və proqramları ilə hədsiz böyük məlumat ötürmə sürətilə bütün əşyaları inteqrasiya edə biləcək, bir sözlə 2-ci bir real dünyamıza nəzarət edəcək.  Odur ki, ABŞ təhlükəsizlik baxımından buna imkan verə bilməzdi”.

Bundan sonra “Huawei”nin qlobal dünyada hökmranlığına son qoyulacağını deyən Osman Gündüz sözlərinə əlavə edib ki, Azərbaycan üçün təhlükə var:

“Bizdə dövlət sektorunda “Huawei”nin xüsusi çəkisi yetərincədir. Ucuz olduğu üçün bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib. Bildiyimə görə, “BakTelecomun” (BTRİB) 80 faizi, “Aztelekom” 70 faizi, hətta bəzi dövlət qurumlarının Data Mərkəzləri “Huawei” məhsulları üzərində oturub.

Sanksiyalar hələlik “Huawei” telefonlarla bağlıdır. Əgər sabah ABŞ sanksiyaları “Huawei”nin bütün avadanlıqlarına və proqramlarına şamil edərsə, Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə üzləşə bilər”.

Ekspert təhlükədən zərərsiz ötüşmək üçün Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) bütün dövlət İKT sektorunu monitorinq və audit etməli olduğunu bildirib:

“Azərbaycanda “Huawei” ilə daha çox əməkdaşlıq edən “Eurodesign” və “Ultra” şirkətləri olub. Sanksiyalarla əlaqəli gözlənilən “Huawei” təhlükələrindən yayınmaq üçün hökumət təcili B planı hazırlanmalıdır. “Huawei” şirkətinə qarşı ehtiyatlı olmağı tövsiyyə edən İT mütəxəssisləri və şirkət rəhbərlərini buradan alqışlayıram”.

Fərid Ədalət
BAKU.WS