VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əmlak Məsələləri Dövlət Komitəsi sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır və yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcək.

BAKU.WS xəbər verir ki, məsələ barədə tanınmışq iqtisadçı ekspert Vüqar Bayramov şərh verib.

Ekspert bildirib ki, hündürmərtəbəli binalardakı mənzillərə çıxarış verildikdən sonra həyət evlərinin sənədləşdirilməsinə başlanılacaq.


“İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişdi”, - deyə mütəxəssis vurğulayıb.

Biz nəyi təklif edirdik və indi də məqbul hesab edirik?

V.Bayramov deyir ki, bizim təkliflərimiz “Əmlak Aministiyası”nı nəzərdə tutur:

“O baxımdan yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir.

Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir.

Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın.

Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin”.

Ekspert deyir ki, təqdim edilən konsepsiyada daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub:


“Burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var.

Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi.

Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və “kupça” ilə təmin olunması prosesi başlanmalıdır.

Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur.

Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır.

Bütövlükdə, uzun müddət gündəmdə olan sənədsiz həyət evləri probleminin yaxın zamanlarda həll ediləcəyi gözlənilir.

Bizim təklif etdiyimiz mexanizm prosesin sürətlənməsi, ev sahiblərinin mülkiyyət hüquqlarının qorunması və real sektorda aktivliyin artırılması baxımdan əhəmiyyətli hesab edilə bilər”.

BAKU.WS