Bu ilin ilk iki ayında Dövlət Neft Fondu 951,1 milyon dollar məbləğində valyuta satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 milyon dollar və ya 43,4 % çoxdur. Belə ki, Neft Fondu 2018-ci ilin analoji dövründə 663,2 milyon dollar satmışdı.


BAKU.WS xəbər verir ki, 2019-cu ilin ilk aylarında dollara tələbin yüksəlməsi müşahidə olunub.

Dollara tələbin artmasınn əsas səbəbləri nədir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov hesab edir ki, dövlət xərclərinin artması dollara tələbi yüksəldir. Onun sözlərinə görə, bu ilin yanvar ayından dövlət büdcəsindən 1 milyard 269 milyon manat ayrılıb: 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov


"Bu ötən ilin yanvar ayı ilə müqayisədə 30 faiz çoxdur. Adətən yanvar ayı fiskal ilin başlanğıcı olduğu üçün nisbətən az xərcləmələrə gedilirdi. Amma rəsmi rəqəmlər göstərir ki, aylıq xərcləmələrdə kəskin artım var. Bu isə dollara tələbin artmasına gətirib çıxaran əsas səbəblərdəndir. Məhz bunun nəticəsidir ki, dollara tələbin yüksəlməsinə baxmayaraq bu dövrdə valyuta bazarında ciddi volatillik nümayiş olunmayıb. Çünki daha çox biznesin dollara olan tələbi ödənilib. Həmçinin, neft bazarındakı kəskin sıçrayışlar fonunda xüsusən yanvar ayında dollar yığımlarının artması müşühidə olunub".

Mütəxəssisin fikrincə, bütövlükdə, 2019-cu ildə dövlət büdcəsindən 24 milyard manatdan çox vəsaitin xərclənəcəyi nəzərə alınsa, bu il dollara tələb yüksək olacaq. V.Bayramov hesab edir ki, bununla belə, yenə də məzənnənin necə dəyişəcəyi Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Şahin
BAKU.WS