VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əmək pensiyaları yenidən artacaq.


BAKU.WS xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq.

“Bununla bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub.

Dünən MM-in komissiyasında müzakirə olunaraq təsdiq olundu və plenar iclasa tövsiyə edildi. 19 fevral tarixində plenar iclasda biz bu qanun layihəsinin, qanunvericilik dəyişikliyinin təsdiqini gözləyirik”, - deyə nazir vurğulayıb.

Sahil Babayev bildirib ki, bu qərar 233 min nəfərə şamil olunacaq:

“Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edəcək.

Onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım olacaq. Artımın edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək", - deyə nazir vurğulayıb.

Sahil Babayevin sözlərinə görə, 160 manatdan çox pensiya alan şəxslərin pensiyasında 3 faiz artım olacaq.

BAKU.WS