Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun (Büro) təşkilatçılığı ilə dünən keçirilən Milli Turizm Sammitində “Yenidən fərqli baxışla bax” ("Take another look") başlıqlı yeni milli turizm brendi təqdim olunub.

BAKU.WS kommersant.az-a istinadən xəbər verir ki, yeni loqoda Azərbaycan adının kiçik hərflə yazılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

30 ildən çox turizm sektorunda işləyən peşəkar turist bələdçisi (gid) Balaş Maqsudbəyli də məsələyə etirazını bildirib. O, redaksiyamıza açıqlamasında qeyd edib ki, Vətənin adı kiçik hərflə yazıla bilməz:

"Azərbaycan sözü xüsusi isimdir, heç bir halda kiçik hərflə yazıla bilməz. Məsələyə prezident də müdaxilə etməlidir. Bu, kiçik məsələ deyil. Hansı haqla Vətənimin adını kiçik hərflə yazıblar? Gecəni yatmamışam. Bu nə deməkdir? Bilə-bilə edirlər? Səhv düzəldilməlidir!"

Məsələ ilə bağlı turizm bazarında söz sahibi olan digər mütəxəssislərə də münasibət bildirmələri üçün müraciət etdik. Onlar da demək olar ki, məsələyə eyni prizmadan yanaşdı:

"Amore Travel"in rəhbəri Aynur Hüseynova: "Ölkə adının kiçik hərflə yazılması qrammatik cəhətdən yanlışdır. Düşünürəm ki, loqo böyük hərflə alınmadığına görə, kiçik yazıblar".

"Atlas Travel"in rəhbəri Abas Süleymanov: "Dövlət adının kiçik hərflə yazılmasına müsbət yanaşmıram. Heç bir ölkənin turizm brendində ilk hərf kiçik yazılmır".

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə də turizm bazarını narahat edən bu məsələ ilə bağlı redaksiyamıza açıqlama verərək məsələyə aydınlıq gətirdi: "Biz mövqeyimizi bildirmişik, təqdimat baş tutub. Mən sosial şəbəkələrdə yazılanları niyə şərh etməliyəm?".

Dünya ölkələrinin turizm brendlərini təqdim etməyi lazım bildik:





BAKU.WS