SİZİN REKLAM BURADA!
055 213 76 73



Gələcək illərdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) əməliyyat portfeli çərçivəsində perspektivli bir sahə kimi Sıxılmış Təbii Qaz (STQ, beynəlxalq miqyasda CNG, yəni “Compressed Natural Gas”) satışını genişləndirmək niyyətindədir.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu "Neftçilər Günü"nə həsr olunmuş mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

O xatırladıb ki, cari ildə SOCAR ilk dəfə olaraq STQ bazarının formalaşdırılması istiqamətində addımlar atıb: “STQ hazırda bizdə nisbətən az istifadə olunan yanacaq növü olsa da, dünya üzrə tələbatı sürətlə artmaqdadır. Proqnozlar 2025-ci ilə qədər bu tələbatın 4 dəfəyə yaxın artacağını göstərir”,-R. Abdullayev əlavə edib.

Qeyd edək ki, dünyada STQ ilə işləyən nəqliyyat vasitələrinin sayı 26 mln.dan, müvafiq yanacaqdoldurma stansiyalarının sayı isə 31 mindən çoxdur. Beynəlxalq Təbii Qazla İşləyən Nəqliyyat Vasitələri Assosiasiyasının statistikasına əsasən, son illərdə təbii qaz istifadə edən nəqliyyat vasitələri bazarının həcmi ikirəqəmli əmsal üzrə artıb. Bu yanacaq növünün ən çox istifadə edildiyi ölkələrin sırasında Çin, İran, Hindistan, Pakistan, Argentina, Braziliya, İtaliya və digər Avropa ölkələrini görmək olar.

STQ benzin və dizellə müqayisədə xeyli ucuzdur. Hesablamalara görə, STQ avtomobillərin yanacaq sərfiyyatını hər 10 min kilometr məsafə üçün 600 manat aşağı salmağa imkan verir.

Azərbaycanda “SOCAR Petroleum” QSC tərəfindən bu layihənin sürətlə davam etdirilməsi nəzərdə tutulur. Avqust-oktyabr aylarında Bakı şəhərində 5 ədəd STQ məntəqəsi istehlakçılara təhvil verilməsi planlaşdırılır. Cari ilin sonunadək Bakı və Bakı ətrafı bölgələrdə daha 5 məntəqənin istifadəyə verilməsi nəzərdə tutulur. 2019-cu il ərzində isə STQ məntəqələrin sayının ümumilikdə 20-ə çatdırılması planlaşdırılır.

BAKU.WS