Mərkəzi Bank yeni 200 manatlıq pul əskinaslarını dövriyyəyə buraxacaq. İri nominallı əskinasın dövriyyə buraxılmasının hansı müsbət və mənfi tərəfləri var?

BAKU.WS
xəbər verir ki, məsələyə tanınmış iqtisadçı ekspert Vüqar Bayramov aydınlıq gətirib. Onun sözlərinə görə, prosesdə çatışmazlıqlar var.

"Rəsmi açıqlamalara görə, yeni əskinaslar tədavül prosesinin asanlaşmasına və yığımların optimallaşdırılmasına səbəb olacaq. Bunlarla yanaşı, iri nominallı əskinasın dövriyyəyə buraxılmasının bir sıra çatışmazlıqları var. Aydındır ki, ölkəmiz bu məsələdə 500 avro əskinası olan Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq bizimlə müqayəsədə xeyili yüksəkdir və dünyada yığımların 24 faizə yaxını məhz avro ilə aparılır", - deyə Vüqar Bayramov bildirib.

Ekspert deyir ki, dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-da dövriyyədə olan ən yüksək əskinas 100 dollardır: "Birləşmiş Ştatlarda xüsusi hesablaşmalar üçün 1000 dollarlıq əskinaslardan istifadə edilir. Lakin onlar ümumi dövriyyəyə buraxılmır. Dünyada valyuta ehtiyatlarının 67 faizinin ABŞ valyutası ilə saxlanmasına baxmayaraq, Federal Ehtiyatlar Sistemi əskinasların üzərində rəqəmləri artırmağa tələsmir".

V.Bayramovun fikrincə, Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əskinasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq:

"Bu addım pulun alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir. Bu baxımdan, iri nominallı əskinaslar inflyasiya yaradıcı faktorları gücləndirəcək.

Digər tərəfdən, hazırda nağd hesablaşmalarda iri deyil, xırda əskinasların azlığı daha çox müşahidə edilir. Bu baxımdan, Mərkəzi Bankın xırda nominallı əskinasların sayını artırması daha məqsədəuyğun olardı".

Ziya SƏCCAD
BAKU.WS