VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Fevral ayının pensiyaları yanvar və fevral aylarındakı artımlarla birgə ödəniləcək.

BAKU.WS-in trend-ə istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq.

S.Müslümov qeyd edib ki, Azərbaycanda 2006-cı il yanvarın 1-dən beynəlxalq standartlara uyğun müasir sığorta-pensiya sisteminin tətbiqi ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə başlanılıb və 2007-ci ildən etibarən Azərbaycan Prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 11 sərəncam verilib:

"Ölkəmizin sığorta-pensiya sistemində növbəti islahat tədbiri kimi, “Əmək pensiyaları haqqında” qanuna edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan mütərəqqi dəyişikliklər bu sistemin tam sığorta prinsipləri üzərində formalaşmaqla uzunmüddətli və etibarlı maliyyə dayanıqlığına, bazar iqtisadiyyatı şəraitində sosial rifah tələblərinə uyğun layiqli pensiya təminatı imkanlarının artırılmasına xidmət edib. Həmin dəyişikliklər eyni zamanda uzun illər ölkəmizin pensiya qanunvericiliyində mövcud olmuş “əmək pensiyasının baza hissəsi” anlayışının aradan qalxmasına, pensiyaların baza və sığorta hissələrinin birləşdirilərək vahid məbləğ kimi müəyyən edilməsinə səbəb olub. Beləliklə, hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsinin əvvəlki ilin rəsmi inflyasiya göstəricisi əsasında artırılması həyata keçirilirdisə, artıq cari ildən əmək pensiyalarının ümumi məbləğinin ölkə üzrə orta aylıq əmək haqqının əvvəlki ildəki artım faizinə uyğun indeksləşdirilərək artırılması mexanizminə keçilir. Bu tədbir isə pensiyaçı vətəndaşların sosial maraqlarının daha dolğun şəkildə təmin olunmasına imkan verir”.

Əmək pensiyalarına edilən artımların cari ilin əvvəlindən hesablandığını diqqətə çatdıran S.Müslümov deyib ki, fevral ayının pensiyalarının ödənişi yanvar və fevral aylarındakı artımlarla birgə həyata keçiriləcək: “Sərəncamla 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının indeksləşdirilməsinə hər ay təqribən 13,78 milyon manat, il ərzində isə 165,4 milyon manat əlavə vəsait yönəldiləcək”.

Nazir vurğulayıb ki, sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilməsi aparılacaq: “Sığorta-pensiya sistemi elektron infrastruktur üzərində fəaliyyət göstərir və hər iki proses, yəni əmək pensiyalarının və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilmə ilə artımı avtomatlaşdırılmış qaydada həyata keçiriləcək. Eyni zamanda əmək pensiyasının minimum məbləği də 5,7 faiz səviyyəsində artırılır. Ümumiyyətlə, cənab Prezidentin ölkədə sosial müdafiə sisteminin gücləndirilməsinə xidmət edən bu Sərəncamından irəli gələn vəzifələrin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vaxtında və tam təmin ediləcək”.

BAKU.WS