VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan gətirilən tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb.

BAKU.WS-in məlumatına görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Digər qərarla isə Azərbaycan ərazisinə gətirilən mühərrik benzin növlərinə yeni aksiz dərəcələrin tətbiq edilməsinə başlanılıb.

Qərara əsasən, aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb.

Keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, yanvarın 23-də qüvvəyə minib.

Bəs rüsumların bu qədər artırılması qiymətlərə necə təsir edəcək?


İqtisadçı-ekspert Qubad İbadoğlu mövzunu şərh edərkən bildirib ki, qərar istehlak bazarında qiymətlərin səviyyəsinə təsiri çox olacaq.

“Əvvəla, onu qeyd edim ki, 21 yanvar 2017-cii il tarixli, 574 saylı qərarla edilən dəyişiklik yalnız idxal mallarına şamil olunur. Bu qərar ölkəyə xaricdən gətirilən yalnız 1 növ benzin markasına (tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, oktan ədədi 95-dən az olan) və tərkibində tütün olan siqaret və siqarların qiymətinin bahalaşmasına təsir edir. Bu qərarın digər növ benzin markalarına təsiri yoxdur. Belə ki, 92 markalı benzin idxal malı deyil, onun qiymətini yalnız Tarif Şurası artıra bilər. Super -95 və premium - 98 markalı benzin markaları idxal olunsa da bu qərarla onlara tətbiq edilən aksiz dərəcələri qaldırılmayıb. Amma bu o demək deyil ki, həmin markalı benzinin qiyməti bahalaşmayacaq. Çünki, onların qiyməti neftin dünya bazar qiymətlərindən asılı olduğuna görə hər an bahalaşa bilər.

İkincisi, siqaretlərə və siqarlara gəlincə, qiymət artımı labüddür, lakin ilk növbədə xaricdən hazır məhsul kimi gətirilən siqaret və siqarlar, sonra isə bazarların qarşılıqlı təsiri ilə daxildə istehsal olunan tütün məmulatları bahalaşacaq.

Üçüncüsü, alkoqollu içkilər, o sıradan pivə, üzüm çaxırı, viski, rom cin, araq, likörlər və digər spirtli içkilərin idxalına aksiz dərəcələri qaldırıldığından onların da qiyməti bu gündən etibarən artacaq.

Yuxarıda sadalan üç qrup məhsulun hər birinin yerli istehsalında keyfiyyət problemi olduğuna görə, istehlak bazarında həmin qrup mallar üzrə idxalın payı yüksək olaraq qalır. Bu halda da aksiz dərəcələrinin artması ümumi qiymət bahalaşmasına da təsirsiz ötüşməyəcək və Mərkəzi Bankın iki rəqəmli inflyasiyadan bir rəqəmliyə keçid istiqamətində hədəfinə çatmasında çətinliklər yaradacaq", - deyə Qubad İbadoğlu bildirib.


İqtisadçı Natiq Cəfərli modern.az-a bildirib ki, bu gündən başlayaraq hissə-hissə qiymətlərin artımını müşahidə edəcəyik:

“Əsas artım yeni partiyanın idxalından sonra baş verəcək. Növbəti ayın əvvəlindən satışa çıxarılan xarici istehsal tütün və tütün məmulatlarının, spirtli içkilərin qiymətləri bahalaşacaq. Ümumilikdə tütün və tütün məmulatlarının, spirtli içkilərin satış qiymətlərinin 25 faizə qədər bahalaşacağı gözlənilir”.

Ekspert bahalaşmanın yerli mallardan da yan keçməyəcəyini vurğulayıb:

“Əksər vaxt idxal mallarının aksiz dərəcələrinin artırılmasının xaricdən gətirilən malların qiymətinə təsir edəcəyi bildirilir. Eyni zamanda, yerli istehsala təsiri olmayacağı vurğulanır. Düzdür, əsas artım xaricdən gətirilən məhsullarda olacaq. Amma spirtli içki istehsal edən yerli müəssisələrin bir çoxunda xammal xaricdən gətirilir. Xammalın da aksiz vergisinin artırıldığını nəzərə alsaq, yerli istehsal olan spirtli içkilərin qiymətlərinin 10-15 faiz artacağı ehtimal olunur".

BAKU.WS