VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın kərə yağı idxalçıları istehlakçılara müraciət edib.

BAKU.WS-ə daxil olan müraciətdə bildirilir ki, son günlər ölkə mətbuatında kərə yağının qiyməti ilə bağlı bir sıra məlumatlar yer almaqdadır:

"Bu məlumatlarda əsas etbarilə kərə yağının qiymətinin yüksək olduğu göstərilir və bu məsələdə sahibkarlar günahlandırılır. Məlum olduğu kimi, Azərbaycana idxal olunan kərə yağının əsas hissəsi Yeni Zelandiyadan gətirilir. 2017-ci ilin sentyabr ayında Yeni Zelandiyada kərə yağının qiyməti 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2 dəfədən çox, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 85%-dək, 2017-ci ilin yanvar ayı ilə müqayisədə 30%-dən çox bahalaşmış və hazırda bir ton üçün 6100-6200 ABŞ dolları arasında dəyişir. Bununla belə, artım tendensiyası davam edir. Lakin hazırda satışda olan kərə yağları 1 ton yağın qiyməti 5200-5450 ABŞ dolları olan vaxtlarda alınmış və Azərbaycana idxal olunmuş mallardır. Yağın Gürcüstanın Poti limanından Bakıya gətirilməsi üçün hər tona görə təxminən 70-80 ABŞ dolları nəqliyyat xərcləri ödənilir. Bununla yanaşı, idxal olunan kərə yağı üçün gömrük vergi və rüsumları da ödənilir. Yeni Zelandiyadan gətirilən kərə yağı üçün bu vergi və gömrük rüsumları 36% təşkil edir. Beləliklə, Yeni Zelandiyadan gətirilmış və hazırda satışda olan kərə yağının 1 kiloqramının idxalçının anbarına giriş qiyməti 7.18-7.52 ABŞ dolları və ya 12.21-12.78 manat təşkil edir".

"Yağın saxlanması, ticarət şəbəkələrinə paylanması, marketinqi, əmək haqqı, sosial sığorta, vergilər və s. ilə əlaqədar bir sıra digər xərclərimizin də mövcudluğunu nəzərə almaq lazımdır. Eyni zamanda yağların pərakəndə satışını həyata keçirən mağazaların da əmək haqqı, sosial sığorta, elektrik enerjisi, vergi və digər xərcləri var. Bütün bu xərclər nəzərə alınmaqla Yeni Zelandiya istehsalı olan kərə yağlarının topdan satış qiyməti 15.02-15.97 manat, pərakəndə satış qiyməti isə 15.90-17.10 manat arasında dəyişir. Bununla yanaşı, bu gün mağazalarda digər ölkələrdən gətirilən bir sıra yağlar da istehlakçılarara təklif olunur. Bu yağların qiyməti təxminən 12-13 manatdır. Ümumiyyətlə, digər mallarda olduğu kimi, yağ satışı bazarında da qiymətlər azad rəqabət şəraitində tələb-təklif əsasında formalaşır. Müxtəlif qiymətə yağların olması istehlakçılara seçim hüququ verməklə yanaşı, biz sahibkarların da öz məhsullarına yüksək qiymət müəyyən etməsinin qarşısını alır. Biz sahibkarlar dövlət başçısının özəl sektora yaratdığı əlverişli işgüzar şəraiti və rəqabət mühitini yüksək qiymətləndirir və istehlakçıları heç bir halda qiymətlərin əsassız artırılmayacağına əmin edirik", - müraciətdə qeyd olunub.

Müraciəti “Delta Qrup C.O.” MMC, “Vest Produkt Marketinq” MMC, “Azərsun Holdinq” MMC, “Dinçer və Carçıoğlu” BM, “Gulistan Baku” MMC, “Veysəloğlu” MMC və “Lactalis Caspi” MMC imzalayıblar.

Xatırladaq ki, ötən gün Dövlət Gömrük Komitəsi kərə yağının 1 kq-nın ölkəyə 4,28 Amerika dollarına daxil olduğu haqqında məlumat yayıb.

BAKU.WS