VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


2017-ci ilin yanvar-may ayları ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 milyon 37 min sərnişinə xidmət göstərmişdir ki, bu da ötən ilin analoji göstəricisindən 34 faiz çoxdur. Təkcə may ayında 315 min sərnişinə xidmət göstərilib.

Həmçinin Azərbaycanda "Bakı-2017 - IV İslam Həmrəyliyi Oyunları”nın keçirilməsi də ötən ay sərnişin dövriyyəsinin xeyli artmasına təsir göstərmişdir. Azərbaycan mülki aviasiyasının bütün qurumları "İslam Oyunları" dövründə ölkəyə gələn qonaqlara və idmançılara yüksək səviyyədə xidmət göstərilməsini təmin edib. 

Hesabat dövründə "Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 767 min sərnişin düşmüşdür ki, bunun da 204 min nəfəri daxili reyslərlə daşınıb.

Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşmüşdür. Hava limanının beynəlxalq daşımaların 48,3 faizi "Azərbaycan Hava Yolları"nın, 51,7 faizi xarici aviadaşıyıcıların payına düşüb.

Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı 28 aviaşirkətə xidmət göstərir ki, onların 5-i loukosterdir. Cari ilin payızından Azərbaycanın aşağı büdcəli aviaşirkəti "Buta Airways”in uçuşları gözlənilir.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülmüşdür. 

Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür. 
BAKU.WS