Bu gün ABŞ öz xammal ehtiyatlarını açıqlayacaq.
 
BAKU.WS-in məlumatına görə, 15 oktyabr dollar üçün də vacib gün ola bilər. Belə ki, bazarda aparılan araşdırmaların nəticəsinə əsasən ABŞ-ın neft ehtiyyatlarının azaldığı güman edilir. Bu azalmanın 2,5 milyon - 463,5 milyon barel arasında dəyişəcəyi gözlənilir. 
 
ABŞ-ın neft ehtiyatları azalacağı təqdirdə həftə sonuna kimi neftin qiyməti kəskin bahalaşacaq. Təbiidir ki, neftin bahalaşması öz növbəsində neft istehsal edən ölkələrin valyutasına da müsbət təsir edəcək. 
 
Neft istehsal edən ölkələr "qara qızıl"ın bahalaşmasından sonra daha çox gəlir əldə edəcəklər və ölkəyə dollar axışı artacaq. Bu vəziyyət Azərbaycan üçün də gözləniləndir. ABŞ ehtiyyatlarının azalması fonunda neftin qiymətində sıçrayış "Azəri layt" neftinin bahalaşmasına gətirib çıxaracaq. Beləliklə, manata olan təsirlərin də azalacağı güman edilir.
 
Son günlər neftin qiymətinin cuzi bahalaşması artıq manatın dollara olan məzənnəsi ilə paralel şəkildə irəliləyir. Bu gün isə 1 abş dolları 1,0469-a geriləyib. Dollardakı bu ucuzlaşmanın növbəti günlərdə də davam edəcəyi güman edilir.
 
ŞAHİN Həbibov
BAKU.WS