VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Manatın dollara nisbətən məsənnəsinin dəyişməsi növbəti dövrlərdə daha çox Mərkəzi Bankın manat bazasını necə dəyişməsindən asılı olacaq". BAKU.WS-in məlumatına görə, bunu "Qaynarinfo"ya iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert hesab edir ki, avqust və dekabr aylarında dollara tələbat artacaq. Bu səbəbdən Mərkəzi Bankın məzənnəni qoruyub-saxlaması çətin olacaq:

"Nəzərə alsaq ki, Mərkəzi Bank depozit hərraclarını davam etdirir, bu, manatın dövriyyədən çıxarılmasına gətirib çıxardır. Yalnız bu ilin birinci rübündə 600 milyon manat dövriyyədən çıxarılıb və manat bazası 6,8 milyard manata qədər azalıb. Manat bazasının ümumdaxili məhsuldakı payı 13 faizdirsə, qonşu Rusiya, Gürcüstan və Qazaxıstanda bu rəqəm 40 faizdən çoxdur. Bu baxımdan manat bazasının kiçilməsi və qıtlığı dollara olan tələbin də azalmasına gətirib çıxardır. Çünki, dollara tələbin olması üçün manat bolluğu olmalıdır. Mərkəzi Bank tərəfindən də bu, məhdudlaşdırıldığı üçün dollara olan tələb müşahidə edilmir. Gələcəkdə dolların məzənnəsinin necə dəyişməsi isə birbaşa manat bazasından və nağdlaşdırılma ilə bağlı limitlərin səviyyəsindən asılı olacaq. 

İndi bank hesablarında olan vəsaitlərin nağdlaşdırılması ilə bağlı müəyyən limitlər və çətinliklər var. Bu da dövriyyədə nağd manat kütləsinin azalmasına və manat qıtlığının yaranmasına səbəb olub ki, nəticə etibarilə manatın dollara nisbətən məzənnəsinə təsir göstərib. Bu baxımdan gələcəkdə də məzənnənin dəyişməsi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Bununla belə yaxın aylarda dollara tələbat artacaq. Biz avqust və dekabr aylarında dollara tələbatın artacağını proqnozlaşdırırıq. Çünki, avqustda yeni tədris ilinin başlaması, dekabrda isə bayramla əlaqədar idxal artır. Buna görə avqust və dekabr aylarının Mərkəzi Bank üçün məzənnənin qorunub saxlanılması baxımından çox çətin keçəcəyi güman olunur. Amma yenə də bu müddətdə manatın məhdudlaşdırılması prosesi davam etdiriləcəksə, manat qıtığı ilə məzənnəni qoruyub-saxlamaq mümkün olacaq".

Ekspert turist axınının iqtisadiyyatın inkişafında müəyyən qədər rol oynadığını bildirsə də, hazırda bunun manatın stabilliyinə təsir göstərəcək səviyyədə olmadığını qeyd edib:

"Əlbəttə turist axını ölkə iqtisadiyyatına müəyyən qədər təsir göstərir. Əgər Gürcüstanda milli valyutanın stabil olmasının və ya volatilliyin aşağı olmasının səbəbi ölkəyə il ərzində 6 milyon turistin gəlməsidirsə, bizdə də gələcəkdə ölkəyə gələn turistlərin sayında artım olsa bu, məzənnə stabilliyinə müsbət təsir göstərə bilər. Amma hələlik ölkəyə gələn turistlərin sayında kəskin artım olmasına baxmayaraq bu, məzənnəyə təsir göstərəcək səviyyədə deyil".
 
BAKU.WS