VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan prezidenti İlham Əliyev Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. 
 
BAKU.WS-in məlumatına görə, bu məqsədlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi www.azexport.az internet portalında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verən "Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” ("Digital Trade Hub of Azerbaijan”) bölməsinin yaradılmasını dörd ay müddətində, habelə Azərbaycanda istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada əldə etmələrinə, ixrac gömrük bəyannaməsinin, habelə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi üçün müraciətlərin göndərilməsinə imkan verən elektron xidmətlərin Portalda yaradılmasını üç ay müddətində təmin etməlidir. 
 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vergilər Nazirliyi ilə birlikdə elektron imzanın, o cümlədən "ASAN imza”nın, habelə xarici ölkələrdə verilmiş və "Elektron imza və elektron sənəd haqqında” qanuna əsasən Azərbaycanda tanınmış elektron imza sertifikatlarının Portala inteqrasiyasını təmin etməlidir, Portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə tədbirlər görməlidir. 
 
Dövlət Gömrük Komitəsi isə 4 ay müddətində Portalın fəaliyyətini təmin edəcək hüdudlarda öz informasiya resurslarının Portala inteqrasiyasını, habelə Portal vasitəsilə bağlanılmış müqavilələrə uyğun olaraq, ixrac gömrük bəyannamələrinin real vaxt rejimində doldurulmasını, təqdim edilməsini, habelə gömrük nəzarətinin nəticəsinin real vaxt rejimində qeyd edilməsini təmin edəcək texniki imkanların yaradılmasını təmin etməlidir. 
 
Müvafiq tədbirlərin maliyyələşdirilməsi məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 450 min manat ayrılıb.
 
BAKU.WS