SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən il Azərbaycanda qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi davam etdirilib, 410 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb, sənaye parklarının və zonalarının təşkili işləri davam etdirilib.

BAKU.WS-in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, Sumqayıt Kimya Sənaye Parkında (SKSP) ümumi investisiyalarının həcmi 1,1 milyard dollar təşkil edən 9 müəssisəyə rezident statusu verilib. Bunlardan polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edən "Azertexnolayn” zavodu 2013-cü ildə fəaliyyətə başlayıb və müəssisədə 750 nəfərdən çox işçi çalışır. Artıq müəssisədə istehsal olunan məhsulun yarıdan çoxu ixrac edilib. Bundan başqa, 2017-ci ildə 4 müəssisə - yüksək təzyiqə davamlı xortum və fitinqlər istehsal edən "MST Engineering Services”, tikinti məhsulları və qatqıları istehsal edən, İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan "SİKA” MMC, yüksək keyfiyyətli sintetik və yarısintetik sürtkü yağları istehsal edən "Alco Lubricant Company”, pestisid və aqro-kimyəvi məhsullar istehsal edən "Aqrokimya Azərbaycan”, 2018-ci ildə isə daha 3 müəssisə - polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən "SOCAR Polymer”, ferroərintilər istehsal edən "Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti”, Float texnologiyası əsasında şüşə lövhələr istehsal edəcək "AzerFloat” fəaliyyətə başlayacaq. Bu müəssisələrdə 800-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur.

SKSP-ə yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda 2 müəssisənin Sənaye Parkına rezident qəbul olunmaq barədə müraciətinə baxılır.

Balaxanı Sənaye Parkında infrastruktur işləri tamamlanmaq üzrədir. Sənaye Parkında fəaliyyət göstərən 5 rezident tərəfindən işlənmiş mühərrik yağlarının emalı, plastik (PET) butulkaların təkrar emalından PET qırıntılarının, tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsullarının istehsalı, təkrar emal olunmuş plastik materiallardan iri həcmli müxtəlif məhsulların istehsalı, taxta-ağac məmulatların emalı sahələrində 5 müəssisə yaradılacaq. Bu müəssisələrə rezidentlər tərəfindən 22,4 milyon manat investisiya yatırılacaq. 2017-ci ilin birinci yarısında fəaliyyətə başlayacaq müəssisələrdə 400-ə yaxın yeni iş yeri açılacaq. Balaxanı Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi məqsədilə maraq göstərən sahibkarlarla danışıqların aparılması və təşviqat işləri davam etdirilir.

Kollegiya iclasında bildirilib ki, ötən ilin sentyabrında dövlət başçısı tərəfindən təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Parkda yerləşən zavodlar üçün xammal bazası yerli məhsullar hesabına təmin ediləcək, xammaldan son məhsuladək istehsal zənciri qurulacaq.

Qaradağ Sənaye Parkının rezidenti - Bakı Gəmiqayırma Zavodu ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri, ümumilikdə dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. 2016-cı ildə zavodda hər biri 80 sərnişin tutumuna malik "Üfüq”, "Zəfər” və "Turan” sərnişin gəmiləri istismara verilib. İndiyədək isə müəssisədə 50 tonluq dartıcı qüvvəyə malik yedək gəmisi tikilib. Həmçinin zavod 6-cı nəsil yarımdalma qazma qurğusunun pantonlarının inşasını başa çatdırıb və sifarişçiyə təhvil verib. Zavodun ən böyük cari sifarişi isə "BP” şirkəti üçün ümumi dəyəri 378 milyon ABŞ dolları olan "Xankəndi” Sualtı Tikinti Gəmisinin layihələndirilməsi və tikintisidir. Bakı Gəmiqayırma Zavodu ötən il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə dəyəri 82 mln. ABŞ dolları olan 2 bərə gəmisinin və 28 mln. ABŞ dolları dəyərində 2 neftdaşıyan tankerin tikintisinə və alqı-satqısına dair müqavilə imzalayıb.
 
BAKU.WS