VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə müəyyən edilmiş vəzifələrin icra edilməsi məqsədilə "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” hazırlanıb.


AZƏRTAC xəbər verir ki, Strateji Yol Xəritəsi ölkədə informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişaf potensialının artırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, İKT xidmətlərinə olan tələbin daxili mənbələr hesabına effektiv qarşılanması və dövlət sektorunun fəaliyyətində İKT-nin tətbiqi ilə səmərəliliyin daha da artırılması məqsədilə telekommunikasiya sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb.


Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Strateji Yol Xəritəsində 2020-ci ilədək müəyyən edilmiş məqsədlərə çatmaq üçün 3 strateji hədəf və 10 prioritet müəyyən edilib.


Eyni zamanda, rabitə əlaqələrinin inkişaf etdirilməsi, dayanıqlı telekommunikasiya infrastrukturunun formalaşdırılması, internetdən istifadənin genişləndirilməsi və özəl sektorun iştirakına təkan verilməsi məqsədilə normativ hüquqi baza təkmilləşdiriləcək. Bu məqsədlə, şəffaf və səmərəli milli tezlik bölgüsünün aparılması, milli tezlik spektrinin effektiv idarə edilməsi, bazar subyektləri arasında münasibətlərin səmərəli təşkil olunması və rəqabət mühitinin daha da artırılması, telekommunikasiya sektoruna investisiya qoyuluşlarının stimullaşdırılması, xidmət keyfiyyətinə nəzarət edilməsi və istehlakçıların maraqlarının qorunması kimi məsələləri tənzimləyəcək tənzimləyici qurumun yaradılması məsələsinə baxılacaq.


Azərbaycan üzrə genişzolaqlı infrastrukturun əhatə dairəsinin genişləndirilməsi ilə bağlı yeni tələblər nəzərdən keçiriləcək. Daxili bazar qiymətləndiriləcək və başqa ölkələrin təcrübələri təhlil ediləcək.


Ölkənin tranzit informasiya məkanına çevrilməsi və Azərbaycan Respublikasının ərazisindən keçməklə Şərqlə Qərb arasında informasiya axınının təmin edilməsi məqsədilə "Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.


2020-ci ilədək olan dövr üçün strateji hədəfə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 235 milyon manat artacağı və 1450 yeni iş yerinin yaranacağı proqnozlaşdırılır. Bu təsirin reallaşdırılması üçün Azərbaycana potensial olaraq 585 milyon manat investisiya qoyuluşu tələb edilir ki, bu da dövlət-özəl tərəfdaşlığı hesabına təmin olunacaq.

 

BAKU.WS