SİZİN REKLAM BURADA!
055 213 76 73


İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Oybek Xamrayevlə görüşərək onunla qarşılıqlı investisiya qoyuluşunun artırılmasını müzakirə edib.

BAKU.WS bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, S.Məmmədov ölkələrimizin ikitərəfli münasibətlərinin uğurlu inkişafına xüsusi önəm verdiyini vurğulayıb, qeyd edib ki, xalqlarımızı dostluq münasibətləri, ortaq tarix, adət-ənənələr, mədəniyyət və dəyərlər birləşdirir. Dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər ölkələrimiz arasında tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib.

Ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığını inkişaf etdirmək məqsədilə görülən işlərə gəlincə, nazir müavini diqqətə çatdırıb ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası iyul ayında Şuşada keçirilib və iclasdan ötən dövr ərzində önəmli işlər görülüb, Özbəkistan şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub. O, bildirib ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi artıb. Bununla belə, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması barədə hökumətlərarası Sazişdə yer alan məsələlər qarşılıqlı investisiya qoyuluşları və ticarət dövriyyəsinin artırılmasına, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

O.Xamrayev ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsində marağını vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirləri, imzalanan sənədlərin əhəmiyyətini qeyd edib, tərəfdaşlığın inkişafı istiqamətində fikirlərini bölüşüb.

Görüşdə iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər də müzakirə olunub.

 

BAKU.WS