SİZİN REKLAM BURADA!
055 213 76 73


Artıq dünyada bir çox ölkələr elektron puldan istifadə edir. Ölkəmiz də bu siyahıya əlavə edilir.

Belə ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsində Azərbaycan ərazisində elektron pulun emissiyasının həyata keçirilməsinə icazə veriləcəyi bildirilib. Bəs elektron pul nədir? Milli valyutadan hansı fərqləri olacaq?

Nağdsız valyuta elektron pul deyil

Elektron pullar, kağız və ya metal kimi fiziki əşyalar əvəzinə kompüter fayllarında saxlanılan, qabaqcıl təhlükəsizlik sistemləri və şifrələrlə qorunduğu üçün rəqəmsal mühitdə istifadə asanlığını təmin edən, dəyəri müəyyən edilən pul növüdür. Hətta bu pulların gələcəkdə fiziki pulları tam əvəz edəcəyi iddia edilir. Çeviklik, sürət və təhlükəsizlik baxımından çox faydalı olsa da, bu sistemlə alış-veriş etmək diqqətli və informasiyalı olmağı tələb edir.

Avropa Mərkəzi Bankı elektron pulu qurum və təşkilatlara ödənişlər etmək üçün geniş şəkildə istifadə oluna bilən texniki cihaz üzərində pul dəyəri olan elektron anbar kimi müəyyən edir.

Kanada banklarında elektron pul planşetlər, kompüter avadanlığı, müxtəlif kartlar, mobil telefonlar və s. kimi texnoloji cihazlarda saxlanıla bilən hər hansı pul dəyəri kimi müəyyən edilib.

Bizdə isə elektron pulu yüksək səviyyədə qorunan bir cihazda (hard disk, rəqəmsal pul kisəsi və s.) saxlanılan və mübadilə vasitəsi olma xüsusiyyətinə malik qiymətli kağız kimi təsvir edə bilərik.

Bu gün insanlar nağdsız ödənişlər zamanı istifadə olunan pul köçürmələrində istifadə olunan valyutanı elektron pulla qarışdırırlar.

Elektron pulu kimlər buraxa bilər?

Ekspert Eldəniz Əmirov Oxu.Az-a deyir ki, valyutanı adətən Azərbaycan Mərkəzi Bank(AMB) dövriyyəyə buraxır, yəni emitent AMB-dir. Amma elektron pulu dövriyyəyə yalnız Mərkəzi bank buraxmır: “Faktiki olaraq, bu gün dünyada mərkəzi banklardan daha çox digər elektron pulu dövriyyəyə buraxan təşkilatlar var. Məsələn, bir şirkət öz elektron pulunu buraxır, platforma yaradır. Bunu yaratmaq asandır, amma ilk növbədə onu satmaq lazımdır. Yəni bir şirkət elektron pul yaradırsa, onu kimsə almalıdır. Dövlətin tənzimlədiyi əsas məsələ isə, elektron pulun kimlər tərəfindən buraxılmasdır. Bu gün müzakirə olunan yeni qanun layihəsində də bu təsdiqlənib. Qanunverciliklə göstərilib ki, Azərbaycanda elektron pulu yalnız banklar və xarici bankların yerli filialları, poçt rabitəsinin milli operatoru, elektron pul təşkilatları dövriyyəyə buraxa bilərlər”.

Mütəxəssis vurğulayır ki, bu gün kartdan karta, internetdən hesablara və buna bənzər digər manat ödənişləri elektron pul əməliyyatı deyil: “Bu milli valyutada olan nağdsız ödənişlərdir. Azərbaycanda elektron pul emissiyası (pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması) milli valyuta olmaya da bilər. Yəni bir gün Azərbaycanda elektron pul dövriyyəyə buraxılanda bu yalnız “elektron manat” olmayacaq. Elektron pulla bağlı ən mühüm siyasi məsələlərdən biri emitent məsələsidir, yəni ölkədə elektron pul buraxmaq hüququna malik olan təşkilatların siyahısının müəyyən edilməsidir. Müxtəlif ölkələrinin qanunvericiliyində bu problemlə bağlı birmənalı yanaşma yoxdur. Ölkədən ölkəyə fəqlənir. Belə ki, emissiya problemi həm elektron milli pullara (dövlət valyutalarından birində ifadə edilmiş), həm də özəl elektron pullara (dövlət ödəniş sistemindən kənar dövriyyədə olan) təsir göstərir”.

Beynəlxalq təcrübə

Mütəxəssisin sözlərinə görə, Sinqapurda və Ukraynada elektron pul emissiyası yalnız banklar tərəfindən həyata keçirilə bilər. Avropa İttifaqında isə, Elektron Pul Təşkilatlarına elektron pul emissiya edə bilər. Honq-Konqda isə elektron pul emissiyası üçün depozit şirkəti lisenziyası alınmalıdır. Azərbaycanda müzakirə edilən yeni qanun layihəsinə görə isə, emissiyanı banklar və xarici bankların yerli filialları, poçt rabitəsinin milli operatoru və elektron pul təşkilatları həyata keçirə biləcəklər.

Bəs bu subyektlər elektron pul buraxacaqlarmı? Mütəxəssis bunun üçün hələ vaxt lazım olduğunu deyir: “Düşünürəm ki, Azərbaycanda elektron pulun buraxılması üçün hələ zaman lazım olacaqdır. Sadəcə yeni qanun layihəsi qəbul edilib, elektron pulların emissiyası və istifadəsi üçün hüquqi baza yaradılacaq. Ola bilər ki, elektron pullar Azərbaycanda ciddi çəkidə emissiyaya başlayana qədər bu qanuna hələ bir neçə dəfə beynəlxalq təcrübələrə əsaslanaraq yenidən əlavə və dəyişikliklər edilsin”.

Elektron pulların mənfi və müsbət tərəfləri

Elektron pul dünyanın istənilən yerindən bir kliklə əməliyyatlar etmək imkanı verdiyi üçün ödəniş üsullarında çeviklik və rahatlıq təmin edir, hər bir əməliyyatın qeydi asanlıqla elektron şəkildə aparıldığı üçün əməliyyatların izlənməsi baxımından çox sərfəlidir. Ən əsası isə çox sürətlidir. Əməliyyatlarınızı anında həyata keçirə bilərsiniz. Bu səbəbdən istifadə rahatlığı təmin edir.

Mənfi cəhətlərinə gəldikdə isə, elektron pul tərifinə görə nə qədər fiziki olmasa da, istifadəsi üçün fiziki avadanlıq tələb edir. Mobil telefon, internet bağlantısı, kompüter kimi texnoloji cihazlar olmadan elektron puldan istifadə etmək mümkün deyil. Ən əsası isə, fırıldaqçılar müxtəlif bəhanələrlə telefon nömrənizdən sizinlə əlaqə saxlayaraq şəxsiyyət məlumatlarınızı tələb edə və saxtakarlıq edə bilərlər. Bunun fərqində olmaq son dərəcə vacibdir.

Kriptovalyuta da elektron puldur?

Bəzi insanlar elektron pulları kriptovalyuta ilə də qarışdırır. Amma Milli Məclisdə müzakirə olunan elektron pullar kriptovalyuta da deyil. Kriptovalyuta üzrə mütəxəssis Sənan Əliyev deyir ki, elektron pullar banklar üzərindən idarə edilə bilir. Kriptovalyuta isə belə deyil: “Elektron pulların mərkəzi idarəetmə sistemi var. Virtual aktivlərin isə mərkəzi sistemi yoxdur. Kriptovalyutaların əsas ideyası mərkəzsiz texnologiyadır. Yəni elektron pulla kriptovalyuta fərqlidir”.

BAKU.WS