SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2023-cü il və sonrakı üç il üzrə baza ssenaridə makroiqtisadi proqnoz göstəricilərinə əsasən, cari ildə ölkədə ÜDM-nin real artımı 3,5 % olmaqla 117,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-nin artımı 7,3 % olmaqla 67,1 milyard manat təşkil edəcək.

BAKU.WS "report"a istinadən xəbər verir ki, ÜDM-nin həcmi 2023-cü ildə 105,8 milyard manat, 2024-cü ildə - 108,4 milyard manat, 2025-ci ildə - 112,9 milyard manat, 2026-cı ildə isə 118,3 milyard manat səviyyəsində proqnozlaşdırılır.

Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin 2023-cü ilin sonuna 73,1 milyard manat, 2024-cü ildə - 79,2 milyard manat, 2025-ci ildə - 85,5 milyard manat, 2026-cı ildə isə 92,3 milyard manata qədər artacağı və real artım tempinin 4,5-5,1 % intervalında olacağı gözlənilir.

"2023-2024-cü illərdə qaz hasilatının artması neft-qaz ÜDM-nin artımını dəstəkləyərək real artım tempinin 2023-cü il üzrə 0,2 %, 2024-cü ildə 2,6 %-ə qədər artmasına, 2026-cı ildə isə azalan hasilat göstəriciləri neft-qaz ÜDM-nin geriləməsinə (-1,9 %) səbəb olacaqdır. 2026-cı ilə doğru ÜDM-nin real artım tempinin tədricən zəifləməsi neft-qaz ÜDM üzrə real artım tempinin azalan dinamikasından qaynaqlanacaqdır", - açıqlamada deyilir.

İqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi növbəti illərdə də əsas strateji prioritetlərdən biri olmağa davam edəcəkdir. İqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir. 2026-cı ildə ÜDM-nin tərkibində qeyri-neft sektorunun payının 78 %-ə, neft sektorunun payının isə 22 %-ə bərabər olacağı proqnozlaşdırılır.

Bu proqnozlar neftin bir barelinin orta illik ixrac qiyməti 2023-2026- cı illər üçün 50 ABŞ dolları fərz edilməklə hazırlanıb.

BAKU.WS