SİZİN REKLAM BURADA!
055 213 76 73


2021-ci ildə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) 5,6 milyon ton yük aşırılıb ki, bu da 2020-ci illə müqayisədə 14,6% çoxdur.

BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ötən il quru yük aşırılması əvvəlki ilə nisbətən 66% artaraq 1,183 milyon ton, konteyner daşınması isə 11,6% artaraq 45 025 TEU olub. Son nəticədə proqnoz 104% həcmində icra edilib.

Ümumi yükaşırmanın 5,1 milyon tondan çoxu və yaxud 92,7%-i tranzit yüklərin payına düşüb.

Digər ciddi artımlardan biri isə Dübəndi neft terminalında qeydə alınıb. Terminalla aşırılan neft və neft məhsullarının həcmi 2,3 dəfə artaraq 1,1 milyon tonu keçib.

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı sərhədlərdə məhdudiyyətlərin davam etməsi beynəlxalq nəqliyyat hərəkəti istiqamətlərində də müəyyən dəyişikliklərə səbəb olub. Hesabat dövründə irihəcmli nəqliyyat vasitələrinin daşınmasında 8,8% azalma olub.

Bakı Limanı vasitəsi ilə 39 431 ədəd (TIR) daşınıb ki, bunlardan da 23 476 (59,5%) ədədi Bakı-Türkmənbaşı-Bakı, 15 955 (40,5%) ədədi isə Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.

Bərə terminalında vaqon aşırılmasında isə 18,7% azalma müşahidə edilib. Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı 30 426 ədəd olub ki, bu vaqonlardan da 20 867 ədədi Bakı-Türkmənbaşı-Bakı (68,6%), 9 559 vaqon isə Bakı-Kurık/Aktau-Bakı (31,4%) istiqamətində hərəkət edib.

2020-ci illə müqayisədə ötən il iritonnajlı (TIR) nəqliyyat vasitələrinin daşınmasında azalma müşahidə edilsə də, 2019-cu illə müqayisədə 17%-lik artım qeydə alınıb.

Yuxarıda qeyd edilən sahələr üzrə faiz göstəricilərində müəyyən azalma qeydə alınsa da, ümumi yükaşırmanın həcmində müsbət tendensiya davam edib.

BAKU.WS